“Azəralüminium” və “ATS Food” tərəfindən Azərbaycan Texnologiya Universiteti tələbələri üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim olunub.
Bununla bağlı keçirilən görüşdə rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov təqaüdə layiq görülən tələbələri təbrik edib, bildirib ki, bu nailiyyət ikiqat məsuliyyətdir, onlar etimadı doğrultmalı və müvəffəqiyyət göstəricilərini daha da yüksəltməlidirlər.
Görüşdə ən yüksək akademik göstəricilərə malik olan tələbələrə təqaüdü “Azəralüminium” Gəncə istehsalat kompleksinin direktoru Cəmil Səfərov və “ATS Food” MMC-nin Şəmkir filialının direktoru Rasim Səfərov təqdim edib.
Təqaüdü qazananlar avtomatika telekommunikasiya və informatika fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbəsi, 99,9 ballıq ümumi ortalama müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə Zibeydə Adişirinova, “Kompyuter mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Ləman Mamedova (99.36), qida mühəndisliyi fakültəsinin “Şərabçılıq” ixtisasının IV kurs tələbələri Sürəyya Məhərrəmova (96.4) və Dürdanə Dadaşovadır ( 96).
Onların arasında ən yüksək göstəriciyə malik Zibeydə artıq üçüncü ildir ki, ÜOMG üzrə fakültə birinciliyini qoruyur. Ləman isə ÜOMG göstəriciləri ilə bu semestr həm də Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” in tələbə qızlar təqaüdünü qazanıb.