Cəmiyyətin bütün sahələr üzrə inkişafı üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox böyük əhəmiyyət daşıyır. Ölkəmizdə ilk dəfə olaraq məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb edilmələri məqsədilə “Məktəbli könüllü” proqramına start verilir.
“Məktəbli könüllü” proqramının rəhbəri Leyla Zeynalovanın “Azərbaycan müəllimi” qəzetinə müsahibəsini təqdim edirik.
“Məktəbli könüllü” proqramı barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.
- “Məktəbli könüllü” proqramı “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi, ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılması məqsədi ilə ümumi təhsil müəssisələrinin 8, 9, 10, 11-ci sinif şagirdlərinin ölkədə ilk dəfə sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirən xüsusi bir proqramdır.
- “Məktəbli könüllü” proqramına üzv olan şagirdlər nələr əldə edəcəklər?
- Proqram məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması, onlarda müsbət sosial davranışların formalaşdırılması, zərərli vərdişlərə yönəlmələrinin qarşısının alınması, əlavə bilik və bacarıqlar əldə etmələri məqsədi ilə yaradılıb. Proqrama üzv olan şagirdlər müxtəlif inkişafetdirici kurslarda, qeyri-formal təhsil mühitini dəstəkləyən layihələrdə, məktəbli düşərgələrində, dərsdənkənar vaxtlarda təşkil olunacaq müxtəlif dərnəklərdə iştirak edə biləcəklər.
Proqrama kimlər və necə müraciət edə bilərlər?
- Proqrama ümumi təhsil müəssisələrinin yalnız 8,9,10 və 11-ci sinif şagirdləri müraciət edə bilərlər. Qeyd edim ki, proqram ilkin mərhələdə pilot şəkildə yalnız Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir. Növbəti illərdə region məktəblərinin də prosesə cəlb olunması nəzərdə tutulub. Proqram barədə ətraflı məlumat əldə etmək istəyən şagirdlər “məktəbli könüllü” adı ilə bizi sosial media hesablarımızdan izləyə və tədbirlərdən xəbərdar ola bilərlər.
- “Məktəbli könüllü” proqramına maraq hansı səviyyədədir?
- Bu günə qədər bizə ümumilikdə 1000-dən çox müraciət daxil olub. Qeydiyyat prosesini uğurla tamamlayan 750 şagird müsahibəyə dəvət edilib ki, onlardan artıq 350 nəfəri proqram üzvlüyü haqqı qazanıblar. Qeyd edim ki, müraciət prosesi aprel ayının 1-dən etibarən yenidən açıq elan olunacaq.
- Proqram növbəti aylarda hansı işləri görəcək?
- 15 mart 2024-cü il tarixində 132-134 nömrəli təhsil kompleksində “Məktəbli könüllü” proqramının rəsmi açılış mərasimi baş tutacaq. Tədbirdə proqramın məqsəd və vəzifələri, eyni zamanda növbəti yarım il üzrə fəaliyyət planı ictimaiyyətə təqdim olunacaq.
Lamiyə Əlimərdanova