NDU-nun müəllim və tələbələri Texniki Yaradıcılıq Mərkəzində olublar
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində olublar.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova mərkəzin əsas fəaliyyət istiqamətinin uşaq və gənclərin texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdan ibarət olduğunu qeyd edib. Vurğulanıb ki, mərkəz 1953-cü ildən “Gənc texniklər stansiyası” adı ilə fəaliyyət göstərib, 1991-ci ildə adı dəyişdirilərək Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzi adlandırılıb.
Mərkəzin şöbə müdiri Lalə Əliyeva son illər respublikamızda xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması istiqamətində mərkəzin fəaliyyətini xüsusi qeyd edib. Bildirilib ki, on bir otaqdan ibarət olan mərkəzdə akt zalı, sərgi salonu, emalatxana, informatika, bədii tikmə, bacarıqlı əllər, texniki rəsmxət otaqları yaradılıb. Diqqətə çatdırılıb ki, bu otaqlarda eyniadlı dərnəklərlə yanaşı, kağız əl işləri, əyləncəli fizika, dizayn, ağac üzərində oyma, təsviri estetika, ibtidai texniki modernləşmə, təyyarə-raket modelçiliyi, texniki ekologiya, memarlıq dərnəklərində uşaqların qabiliyyət və bacarıqlarını inkişaf etdirmək üçün məşğələlər keçirilir .
Universitetin “Fənnlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” ixtisasının universitetdə tədrisindən bəhs edərək bildirib ki, kafedranın nəzdində tikiş, toxuculuq, kulinariya, əl işləri muzeyi, metal və ağac emalı texnologiyaları kabinetləri fəaliyyət göstərir. Yaxın zamanlarda “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” kabinetinin də yaradılacağı bildirilib. Universitetdə tələbələrin əl işlərindən ibarət sərgilərin instagram , facebook və s. kimi sosial şəbəkələrdə paylaşılmasında tələbələrin aktiv iştirak etmələri ilə bağlı təklif irəli sürülüb.
Həmin kafedranın baş müəllimi Rövşən Bağırov universitetdə noyabrın 1-də tələbələrin əl işlərindən ibarət sərginin keçiriləcəyindən bəhs edərək iştirakçıları həmin sərgiyə baxmağa dəvət edib. Nəzərə çatdırılıb ki, sərginin sonunda qalib iştirakçılar mükafatlandırılacaq.
Sonda mərkəzin kabinetlərinə baxış keçirilib.