Günel Ağabəyli: “Elm və təhsil sonsuz imkanların mövcud olduğu minlərlə qapıları açmaq üçün sehirli bir açardır”


Dünyada qadınların bütün sahələrdəki uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının nümunəsidir. “Azərbaycan müəllimi” qəzeti bu dəfə Dövlət Proqramı məzunu Günel Ağabəylinin uğur hekayəsini bölüşür.

 

Qısa tanıtım

 

Günel Bəhram qızı Ağabəyli 1990-cı ildə Bakı şəhərində dünyaya göz açıb. O, 2008-ci ildə Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbi və eyni ildə L.M.Rostropoviç adına 21 nömrəli 11 illik musiqi məktəbini bitirib. Bakalavr təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi Kimya fakültəsi üzrə başa vurduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində “Kimya mühəndisliyi” üzrə magistratura təhsilini davam etdirib.

 

G.Ağabəyli qeyd edir ki, dövlət proqramı təqaüdünə layiq görülməyi onun həyatında dönüş nöqtəsi olub: “Bu fürsət, sadəcə mənim  gələcək addımlarımı atmaq üçün pilləkan deyil, özümü təkmilləşdirən və yenidən formalaşdıran transformasiya təcrübəsi idi. Bir il vaxt baxımından qısa olsa da, mənə verdiyi bilik və həyat dərsləri baxımından böyük oldu. Burada yalnız akademik proqramı deyil, həm də Böyük Britaniya universitetlərinin təklif etdiyi etika və özünü inkişaf yollarını mənimsəyərək magistr proqramını tamamladım”.

 

O, Birləşmiş Krallıqdakı Qadın Mühəndislik Cəmiyyəti tərəfindən təqdim edilən mühəndislik üzrə 2020-ci ilin Ən Yaxşı 50 Qadını nominasiyasının  100 finalist  qadınından biri olaraq seçilir. Bu onu növbəti addımlara daha da ruhlandırır: "Böyük Britaniyada mühəndislik üzrə ən yaxşı qadınlar arasında doktorant tələbə kimi tanınmaq və adımın təcrübəsi məndən qat-qat çox olan mühəndis qadınlarla birgə yanaşı gəlməsi sadəcə şərəf deyildi, bu, yeni bir uğura çağırış idi" .

 

O, təhsilini başa vurduqdan sonra vətənə qayıdaraq Bakı Mühəndislik Universitetinin kimya kafedrasında tədqiqatçı və tədris məsləhətçisi kimi fəaliyyət göstərməyə başlayıb. Universitetdə fəaliyyəti müddətində işlədiyi rəhbəri ilə birlikdə start-up yaradır və həm ölkə daxili, həm də xaricdə 6 start-up yarışmasının qalibi olur. Bu uğurlar ilə paralel akademik təhsilini doktorantura səviyyəsində Edinburq Universitetində davam etdirməyə başlayır.

 

Mentorluğun gücünü dərk edən Günel Ağabəyli tələbələrə, xüsusən də xaricdə təqaüd almaq istəyənlərə dəstək olur. Qeyd etdiyinə görə, onun səyləri öz bəhrəsini verir, BMU-dan bir çox tələbələr təqaüdlə xaricdə təhsil almaq şansı əldə edirlər.

 

Günel Dövlət təqaüdünü nailiyyətlərinin katalizatoru və başqalarına təsir edə bilən faktor kimi qiymətləndirir. "Təqaüd həyatımı dəyişdirməkdən daha çox mənə başqalarının həyatını dəyişməyə imkan verdi"- deyə qeyd edir. Onun səyahəti təhsilin, mentorluğun və əzmkarlığın dəyişdirici gücünün olduğunun sübutudur. O, öz işi ilə gələcək nəsillərin yolunu işıqlandırmaqda davam edir, düzgün dəstək və imkanlarla innovativ, “changemaker” potensialının hər kəsin içində olduğunu sübut edir. Onun hekayəsi daha parlaq gələcəyə kömək edə biləcək təhsil proqramlarına davamlı dəstək üçün aydın çağırışdır.

 

Qazandığı uğurlar, təhsilə  qarşı bitməyən sevgisi onu Azərbaycan qadınlarını elmdə ruhlandırmaq və gücləndirmək məqsədi daşıyan bir təşkilat yaratmağa vadar edir. 23 iyun 2020-ci ildə “Azərbaycan Qadınları Elmdə” (AWİS) təşkilatını təsis edir. Yarandığı gündən bəri təşkilat  900-dən çox məktəbli qızları, 500-dən çox tələbə və 250-dən çox mentoru müxtəlif layihələrə cəlb etməklə əlamətdar nailiyyətlər qazanıb. Təşkilatının müsbət təsiri FLEX proqramının final mərhələsinə yüksələn məktəbli qızlardan tutmuş qrantlar əldə edən və startap layihələrində fərqlənənlərə qədər layihə iştirakçılarının uğur hekayələrində aydın görünür.

 

2021-ci ilin  mayında ilk Fransa və Almaniya səfirliklərinin birgə təşkil etdiyi gender bərabərliyi yarışmasının qalibi olan G.Ağabəyli həmin ilin noyabr ayında Edinburq Universitetinin “Molly Ferguson” cəmiyyətinin Gender müdafiəçisi (Gender Defender) mükafatına layiq görülüb. Həmin ildə Kanadanın Tələbə Enerji Cəmiyyətinin 10 aylıq “fellowship” qalibi olaraq yeganə azərbaycanlı təşkilat olaraq ölkəni təmsil edib.

 

2022-ci ildə Almaniyanın “Dekabrist” təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində hər il keçirilən beynəlxalq yarışmasında "We are change makers" layihəsinə qatılaraq qalib 6 təşkilat rəhbərlərindən biri olub. Burada Rusiya, Ermənistan, Ukrayna, Moldova, Gürcüstandan komandalar iştirak edirdi.. Azərbaycandan isə təqdim edilən 4 təşkilat layihəsindən yeganə qalib seçilib.

“Elm və təhsil sonsuz imkanların mövcud olduğu minlərlə qapıları açmaq üçün sehirli bir açardır”- deyən Günel Ağabəyli məktəbliləri və tələbələri öz potensiallarının sonsuz olduğunu dərk etməyə çağırır: “Elmdə verdiyiniz hər bir sual, həll etdiyiniz hər bir problem parlaq gələcəyinizə töhfədir. Odur ki, elmin müxtəlif sahələrinə maraq göstərin və bu marağın başqaları tərəfindən söndürülməsinə imkan verməyin. Tövsiyə edərdim ki, həmişə qarşınıza bir məqsəd qoyun və o məqsədə doğru hər gün ən azı bir addım atın; özünüzdə güvənsizliyi məhv edin, daha sonra isə arzuya çatmağa yönəlin. Həyatda insanın nail ola bilməyəcəyi heç nə yoxdur!”.

 

Nəzrin XƏLİLOVA