Bakı Mühəndislik Universitetində (BMU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təşkil olunub.

 

Tədbirdə çıxış edən rektor Yaqub Piriyev bayram münasibətilə ən səmimi təbriklərini çatdırıb. Tarixən Azərbaycan qadınının xalqımızın müqəddəs dəyərlərinin qorunması və inkişafında müstəsna rola mailk olduğunu söyləyən rektor ölkəmizdə qadının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsinin, bu sahədə köklü dəyişikliklərin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən yürüdülən siyasət ilə qoyulduğunu vurğulayıb. Rektor dövlət səviyyəsində qadınların mənafeyinə verilən qərarları nəzərə çatdırıb, həmçinin ölkənin ictimai-siyasi, mədəni həyatında onların fəal iştirakının təmin olunmasının hər zaman diqqətdə saxlanıldığını bildirib.

 

Y.Piriyev bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan qadınının istənilən sahədə layiqincə təmsil olunduğunu qeyd edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azərbaycanlı qadınlara ən gözəl örnək olduğunu bildirən rektor onun ölkə hüdudlarından kənarda da nəciblik və xeyirxahlıq timsalı kimi tanındığını vurğulayıb. Eyni zamanda Mehriban xanım Əliyevanın təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında və təbliğ olunmasındakı əvəzsiz xidmətlərini qeyd edib.

 

Y.Piriyev sülhsevərliliyi, şəfqət və mərhəmətliliyi ilə seçilən Azərbaycan qadınlarının lazım gəldikdə mübarizliyi, ən ağır, çətin sınaqlar qarşısında mətanətli, qürurlu, başıuca və əzmli duruşu ilə fərqləndiyini deyib.

 

Rektor çıxışında BMU-da çalışan əməkdaşların 42 faizinin qadınlar olduğunu və gələcəkdə qadınların universitet həyatında rolunun artması üçün müvafiq addımların atılacağını da nəzərə çatdırıb.

 

Sonra tədbir BMU tələbələrinin ifasında musiqi nömrələri, rəqs və səhnəciklərlə davam edib.