Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.

 

Final qarşılaşmasında Naxçıvan Dövlət Universitetinin komandası Mingəçevir Dövlət Universitetinin komandasına 3:1 hesabı ilə qalib gələrək ölkə çempionu olub.

 

III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib.

 

Oyunlardan sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal yarışlarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin, Naxçıvan Dövlət Universitetinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.

 

Turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, qalib komandalara medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib.