Hər il mart ayının 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 04 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün təsis olunması Ulu öndər Heydər Əliyevin idmana ayırdığı diqqətlə sıx bağlılıq təşkil edir. 1995-ci il martın 5-də Ümummilli lider Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşdü və İdman Fondunu təsis etdi. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyuldu.
Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır və bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır…
“Təhsil” Respublika İdman Mərkəzi cari ilin yanvar ayından başlayaraq, hər il olduğu kimi bu il də idman tədbirlərinin təqvim planına əsasən, müxtəlif idman növləri üzrə Respublika birincilikləri və çempionatları təşkil edib. Bu çempionatlar arasında 12-14 fevral tarixlərində ağır atletika idman növü üzrə yeniyetmələr arasında Respublika birinciliyi, 21-23 fevral tarixlərində mini-futbol üzrə 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında Respublika birinciliyi, 29 fevral-02 mart tarixlərində sərbəst güləş idman növü üzrə 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Respublika birinciliyi, 02-04 mart tarixlərində keçirilən sambo idman növü üzrə Respublika birinciliyini qeyd etmək olar ki, bu yarışlarda ümumilikdə 1083 nəfər idmançı şagird iştirak edib, onlardan 78 nəfəri qızıl, 70 nəfəri gümüş, 101 nəfəri bürünc olmaqla, ümumilikdə 249 medal qazanılıb.
Hal-hazırda basketbol üzrə “Təhsil” Kuboku-2024, yunan-Roma güləşi üzrə isə yeniyetmələr arasında “Təhsil” Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilir.
Bu yarışlarla yanaşı, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları 2024-cü ilin əvvəlindən bu günədək 07-14 yanvar 2024-cü il tarixlərində yeniyetmələr arasında boks idman növü üzrə keçirilən Azərbaycan birinciliyində 6 qızıl, 11 gümüş,16 bürünc olmaqla, ümumilikdə 33 medal, 16-18 yanvar 2024-cü il tarixlərində 18 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində 9 qızıl, 14 gümüş, 16 bürünc olmaqla, ümumilikdə 39 medal, 14-22 yanvar 2024-cü il tarixlərində Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kuboku yarışında 1 qızıl medal, 29 yanvar-01 fevral 2024-cü il tarixlərində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan birinciliyində 5 qızıl, 7 gümüş, 11 bürünc olmaqla, ümumilikdə 23 medal, 09-11 fevral 2024-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində karate idman növü üzrə yeniyetmə və gənclər arasında keçirilən Avropa birinciliyində 1 qızıl, 1 gümüş, 2 bürünc medal olmaqla, ümumilikdə 4 medal, 09-10 fevral 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində yeniyetmə taekvondoçular arasında keçirilən 11-ci Turkish Open beynəlxalq turnirində 1 qızıl, 1 bürünc medal, 12-18 fevral 2024-cü il tarixlərində Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Drakula” beynəlxalq turnirində 3 qızıl, 2 gümüş medal olmaqla, ümumilikdə 5 medal, 16-18 fevral 2024-cü il tarixlərində Kiperin Larnaka şəhərində keçirilən Karate 1 seriya A yarışında 1 gümüş medal, 15-18 fevral 2024-cü il tarixlərində keçirilən Azərbaycan birinciliyi və çempionatında 8 qızıl, 3 gümüş, 13 bürünc medal olmaqla, ümumilikdə 24 medal qazanılıb.
Bundan başqa, 23-24 fevral 2024-cü il tarixlərində 21 yaşadək gənc oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində 1 qızıl, 3 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 9 medal, 23-25 fevral 2024-cü il tarixlərində 2007-2008, 2009-2010-cu il təvəllüdlü oğlan və qızlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyində 5 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 12 medal, 24-25 fevral 2024-cü il tarixlərində taekvando idman növü üzrə gənclər arasında keçirilən Azərbaycan kubokunda 6 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 13 medal, 22-25 fevral 2024-cü il tarixlərində avarçəkmə idman növü üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində 11 qızıl, 10 gümüş, 9 bürünc olmaqla, ümumilikdə 30 medal qazanılıb.
Bütün bunlar onun göstəricisidir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün də uğurla davam etdirilir. Ümummilli liderin sözləri ilə desək, idman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir.
Bədən Tərbiyəsi və İdman Gününüz mübarək, əziz idmançılar və idmansevərlər!
Rəşad ZİYADOV