NDU-nun komandası “İdeyadan Biznesə” startap turlarının qalibləri sırasında


Bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub. “İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib. Startap turunun final mərhələsində ilk öncə 8 regionu əhatə edən startap marafonuna dair videoçarx nümayiş olunub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb. Qeyd edək ki, ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib.

 

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

 

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

 

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex” (I yer), “Smart Reaktor” (II yer) və “NoahLand” (III yer) komandaları olub.  Birinci yerin qalibi 10 min manat, ikinci yerin qalibi 5 min, üçüncü yerin qalibi isə 2500 manat məbləğində mükafatlandırılıb.

 

Qeyd edək ki, muxtar respublikanı təmsil edən “NoahLand” komandası Naxçıvan Dövlət Universiteti tələbələrinin təşkil etdiyi layihə əsasında finalda iştirak hüququ qazanıb.  Əsas ideyası ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edən layihənin məqsədi Naxçıvanı tanıtmaq məqsədilə muxtar respublikaya turist cəlb etmək, ənənəvi turizm turları ilə yanaşı xarici turlar təşkil etmək, Naxçıvanda online turizm saytı yaratmaqdır. Sonrakı mərhələdə isə bu ideyanın Azərbaycanda genişləndirməsinə nail olmaq startap komadasının vəzifələrinə daxildir.

 

Milli finalda qalib gələn layihə sahibləri dekabrın 4-7-də təşkil ediləcək XXIV “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.

 

“İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.