Hədəfi Beynəlxalq STEAM Azərbaycan festivalına qatılmaqdır


Kreativ düşüncəyə malik yaradıcı gənclərimizi tanıtmaqda davam edirik. Budəfəki müsahibim əslən Laçın rayonu Güləbird kəndindən olan 13 yaşlı yeniyetmə Müsənnif Salahlıdır.

 

Müsənnif 2011-ci il yanvarın 9-u Bakı şəhərində anadan olub. Hazırda Sumqayıt şəhərində yaşayır və Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin 7a sinfində oxuyur.

 

“Atam ixtiralarımda mənə stimul verir”

 

Müsənnif hələ uşaq ikən həmişə nə isə düzəltmək, yaratmaq arsusunda olduğunu, valideynləri tərəfindən düşüncə qabiliyyətini inkişaf etdirən müxtəlif növ məntiqi oyunlara cəlb edildiyini deyir. Çox kiçik yaşlarında ona hədiyyə edilmiş mürəkkəb pazzlar yığdığını, 500 ədədli xırda leqolardan müxtəlif qurğular düzəltdiyini xatırlayır. Müsənnif  bildirir ki, ixtira etmək, yeni bir qurğu yaratmaq həvəsi, elektronikaya maraq genetik xüsusiyyətdir və ona atasından keçib: “Mən həmişə atamın elektronika sahəsi üzrə bacarıqlarını, avadanlıqları necə təmir etməsini çox həvəslə izləyirdim və özüm də yeni bir şey düzəltməyə can atırdım. Pultla, batareyalarla işləyən oyuncaqların necə işləməsinin səbəblərini öyrənmək istəyirdim, oyuncaqları söküb yenidən yığırdım. Ağlıma hər hansı ideya gəldikdə, atamla da bölüşürəm. Atam ixtiralarımda mənə stimul verir. Bizim evdə qırılan əşya və yaxud cihaz atılmır. Mən onun hissələrini götürüb başqa nələrsə yaradıram, kabellərdən, batareyalardan istifadə edirəm. Beləcə, valideynlərim məndəki bu həvəsi görüb məni elektronika üzrə hazırlıq kurslarına yönləndiriblər. Kursa getdikdən sonra mən elektronika sahəsinin sirlərinə yiyələnməyə başladım, arduino, robototexnika mühəndisliyi təlimlərinə qatıldım və yeni ixtiralar üzərində işlədim. Hazırda kodlaşdırma üzrə irəliləməyə çalışıram. Kurs müəllimim Vəfa Həsənovanın sayəsində yeni biliklərə  yiyələnirəm, bacarıqlarımı inkişaf etdirirəm. Bunun üçün müəllimimə çox təşəkkür edirəm”.

 

“Biz ailəsi olaraq hər zaman onun dəstəkçisiyik”

 

Müsənnifin ixitiraları arasında “Mini karusel”, “Mini kondisioner”, işıqlandırılan “Ağıllı pilləkən” çox diqqətimi çəkir. Məktəbli bildirir ki, ixtiralarını hərəkətə gətirmək üçün su batareyalarından istifadə edir. Sabit cərəyan nəticəsində qurğular işə düşür - karusel sürətlə fırlanmağa başlayır, kondisioner soyuq hava verir. “Mini kondisioner” qurğusunun əsas məqsədi sabit otaq temperaturunun saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsindən ibarətdir.

 

Anası Çiçək xanım baş vermiş son yeraltı təkanlardan sonra oğlunun düzəltdiyi “Zəlzələ xəbərçisi” ixtirası haqqında “Azərbaycan müəllimi”nə danışaraq deyir: “Müsənnifin bu ixtirası cuzi titrəmə olduqda yüksək səslə siqnal verməyə başlayır. Hətta həmin ərəfələr biz bu aparatı gecələr işə salıb onun sayəsində daha rahat yatırdıq. Ümumiyyətlə, Müsənnif bütün hadisələri izləyərək yeni ideyalar düşünür, ətrafa yaradıcı gözlə baxır. Biz ailəsi olaraq hər zaman onun dəstəkçisiyik”.

 

“Müsənnif yeni ixtira üzərində işləyir”

 

İxtiraları, ideyaları Müsənnifin dərslərində irəliləməsinə geniş meydan açır. Onun ən çox sevdiyi fənlər riyaziyyat və fizikadır. Sumqayıt şəhər Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin fizika müəllimi Xoşbəxt Həsənova sevimli şagirdi Müsənnif Salahlını belə xarakterizə edir: “İlk növbədə, onu demək istəyirəm ki, Müsənnif çox tərbiyəli, sakit təbiətli şagirddir. Fizika dərslərində çox çalışqandır. Həmişə daha yüksək nə isə etməyə çalışır. Dərslər öz yerində, Müsənnifin elmə, texnikaya olduqca böyük marağı var. Bu səbəbdən də fizika onun ən sevimli fənnidir. Fizika müəllimi olaraq onun bu xüsusiyyətlərinin inkişafına diqqət yetirirəm. Qeyd edim ki, mən Müsənnifi yeni bir ixtiraya yönləndirmişəm və o, həmin ideya üzərində işləyir. Hazır olduqdan sonra həmin layihəni məktəbimizin feysbuk səhifəsində paylaşacağıq. Çox ümid edirəm ki, Müsənnif öz üzərində işləyib kəşfləri ilə Azərbaycanımızın adını ucaldan bir ixtiraçı, alim olar”.

 

Söhbət əsnasında yeniyetmə məktəblimiz gələcəkdə “Mexanika mühəndisliyi” ixtisasına yiyələnmək, bu sahə üzrə faydalı işlər görərək Vətənimizi dünyada tanıtmaq arzusunda olduğunu dilə gətirir. Müsənnifin hədəflərindən biri də Beynəlxalq STEAM Azərbaycan festivalına qatılaraq yüksək nəticələr əldə etməkdir. 

 

Lamiyə ƏLİMƏRDANOVA