Gəncə Dövlət Universitetində təqaüd proqramı ilə bağlı tələbələrlə məlumatlandırıcı görüş keçirilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi  “Technest” Təqaüd Proqramı barədə Gəncə Dövlət Universitetində (GDU) tələbələrlə məlumatlandırıcı görüş keçirilib.

    

GDU-nun tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək  informasiya texnologiyaları sahəsində nəzəri bilikləri yüksəltməyin önəmindən və bu sahədə yaradılan imkanlardan ətraflı danışıb, tələbələrə “Technest” Təqaüd Proqramından yararlanmağı tövsiyə edib.

   

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Gülnar Mirhüseynova təqaüd proqramı haqqında ətraflı məlumat verib, layihənin əhəmiyyətindən, burada yer alan proqramlar və qəbul şərtlərindən bəhs edib. Qeyd edib ki, məqsəd gənclərin İKT sahəsi üzrə biliklərə yiyələnməsinə və nəzəri biliklərin təcrübədə tətbiqinə dəstək olmaqdır. Layihə meneceri onu da bildirib ki,  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən, ötən il GDU-nun 66 tələbəsi ”İT mütəxəssisi” təlimlərində uğurla iştirak edib və məzun adını qazanıb. Bu il isə universitet üzrə daha 36 tələbə təlimlərə cəlb olunacaq, “Code Academy”nin ixtisaslı mütəxəssisləri tərəfindən gənclərə İT  sahəsində  5 ay müddətində dərslər keçiriləcək. 

   

Görüş zamanı “Code Academy”nin fəaliyyətindən danışılıb və “Technest” Təqaüd Proqramı çərçivəsində, ümumilikdə 29 bölgədən 1300-dən çox gəncin İKT üzrə təqaüdlü təhsilə cəlb olunduğu bildirilib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.