Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, hər il olduğu kimi, bu il də universitet tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsi  keçirlər.

 

Fevralın 21-dən etibarən təcrübəyə başlamış 55 nəfərdən ibarət Coğrafiya fakültəsinin buraxılış kurs tələbəsi mayın 24-dək institutun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəcək, təhsil müəssisəsində əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.

 

Tələbələr institutun şöbə və bölmələri, elmi kitabxanası, laboratoriyaları ilə tanış olub, təcrübənin proqramı, görüləcək işlər, müəssisənin strukturu, məşğul olduğu elmi sahələr, institutda aparılan elmi tədqiqat işləri, elmi nailiyyətlər, korifey alimləri, coğrafi problemlər və s. haqqında Təhsil şöbəsinin müdiri dosent Müseyib Yunusov və elmi katib dosent Zərnurə Həmidovadan dəyərli məlumatlar alıb, verilən tövsiyələri dinləyiblər.  

 

3 ay sürən təcrübə müddətində tələbələr tanınmış alimlərin mühazirələrini dinləyəcək, coğrafi bilik və bacarıqlarını artıracaqlar.