İctimai Səhiyyə və İslahatlar Mərkəzi ADPU-da tələbələrlə görüş keçirib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səlahiyyətli nümayəndəsi Zümrüd Kazımova tərəfindən “Sağlam həyat tərzi” mövzusunda tələbələrlə görüş keçirilib.
ADPU-da keçirilən görüşdə universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli açılış nitqi ilə çıxış edərək gənclərimizin gələcəkdə yarana biləcək riskli xəstəliklərdən, patalogiyalardan qorunması üçün sağlam həyat tərzinin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb, belə görüşlərin gələcəkdə də mütəmadi keçirilməsinin zəruriliyini qeyd edib.
Görüş zamanı tələbələrə sağlamlıq, fiziki aktivlik, oturaq həyat tərzi, zərərli vərdişlər, yuxu pozğunluqları, gigenik qaydalar barədə ətraflı məlumatlar verilib, mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib, tələbələrlə müzakirə zamanı onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda tələbələrə maarifləndirici bukletlər, posterlər, flayerlər paylanılıb.