Qeyri-formal təhsil təcrübəsi...
Son illərdə təhsil sahəsində reallaşdırılan layihələr, təşkil edilən müsabiqələr yeni ideyaların gerçəkləşdirilməsi, məktəb mühitində canlanmanın yaranması, təhsilin daha cəlbedici, fərqli yanaşmaların olması təşəbbüskarlığın artırılması baxımından yüksək qiymətləndirilə bilər. Xüsusilə qeyd olunmalıdır ki, həyata keçirilən hər bir layihənin nəticələrindən müəllimlərlə yanaşı, şagirdlər də faydalanır ki, bu da onların həm gələcək təlim nailiyyətlərinə, həm də geniş dünyagörüşünə malik, hərtərəfli inkişaf etmiş Azərbaycan vətəndaşı olaraq yetişməsinə müsbət təsir göstərir.
Bu yazımızda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində uğur qazanan və artıq reallaşdırılmasına start verilən belə uğurlu işlərdən biri - “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” adlı layihədən söz açacağıq.
Layihə barədə “Azərbaycan müəllimi”nə danışan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili (Baş katibi) Ülvi Məmmədov deyir ki, müsabiqəyə təqdim etdikləri layihənin uğur qazanacağı onlar üçün gözlənilməz olub: “Elm və Təhsil Nazirliyinin müxtəlif assosiasiyalar, ictimai birliklər, qurumlarla əməkdaşlıq etməsi, onların təhsildə müəyyən layihələrlə iştirakına şərait yaratması olduqca təqdirəlayiqdir.
Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətinin başlıca məqsədi gənclərimizin vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşları kimi formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər”.
Ülvi Məmmədov müsabiqədə uğur qazanan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” adlı layihənin təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləmək məqsədi daşıdığını söyləyir:
“Skaut səriştəəsaslı təhsildə kök salmış qeyri-formal təhsil təcrübəsidir. Bu nə deməkdir? Bilirik ki, formal təhsil yüksək strukturlaşdırılmış və hamımıza tanış olan ibtidai, orta və ali təhsil sistemində verilir. Qeyri-formal təhsil əyləncə, macəra, özünükəşf, qarşılıqlı əlaqə və təcrübə vasitəsilə öyrənməkdir. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da onları yetişdirən, inkişaf etməsində birbaşa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğurlu addımlar atmasında, əsl skaut dəyərlərinin mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşluqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Və biz də reallaşdırdığımız bu layihəmiz vasitəsilə əsl skaut lideri kimi yetişmək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyənlərə imkanlar yaradacağıq”.
Artıq fevralın 19-da Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsi və Milli Təlim Proqramı çərçivəsində “MTP010-TL24-2” təməl liderlik təliminin iştirakçıları, namizəd skaut liderləri üçün ilkin skaut təlimi baş tutub.
Həmsöhbətimiz bildirib ki, ölkəmizin 14 rayon və şəhərindən olan namizəd skaut liderləri 3 sessiyadan ibarət təlimin birinci sessiyasında “Dünyada Skautinq” mövzusunda biliklərini artırıblar. Sessiya Skautlar Assosiasiyasının böyük yaşlı üzvü, DHST-nin komitəsinin gənc məsləhətçisi Fatimə Əliyeva tərəfindən aparılıb.
İkinci sessiya Dünya Skaut Hərəkatı Təşkilatının “Zərərdən müdafiə” (Safe from Harm) siyasəti ilə bağlı olub. Burada Milli Komitə üzvü, DHST-nin konsultantı Ülkər Xanlarova təlimçi qismində çıxış edərək interaktiv təlim metodları ilə yeni bilik, bacarıq və dəyərəsaslı səriştələri iştirakçılara çatdırıb.
Ülvi Məmmədov tərəfindən təqdim edilən “Dəyişikliklərə hazır ol!” adlı üçüncü sessiyada müdavimlərin sualları cavablandırılıb.
Təməl liderlik təliminin isə cari ilin 21-25 mart tarixlərində Azərbaycanın dilbər guşələrindən olan Qubada həyata keçirilməsi planlaşdırılır. Bu təlimlərdə ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən dəstə lideri olmaq istəyən 30 müəllim və təhsil işçisi iştirak etmək hüququ qazanıb.
Aparılan təlimlərin iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edən Ü.Məmmədov layihədə iştirak edən ümumtəhsil məktəblərinin müəllimlərinin sonda fəaliyyət göstərdikləri məktəblərdə 30 nəfər şagirddən ibarət skaut klubu - dəstəsi yaradacaqlarını və Azərbaycan Skautlar Assosiasiyasına üzv qəbul olunmaqla, skaut kimi bütün imtiyazlara sahib olacaqlarını bildirib.
Samirə KƏRİMOVA