Şagirdlərə“Böyük mütəfəkkir-şair Hüseyn Cavid” mövzusunda mühazirə oxunub


AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv “açıq dərs” keçirilib.

 

“Böyük mütəfəkkir-şair Hüseyn Cavid” mövzusunda keçirilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Hüseyn Cavid 1882-ci ilin oktyabrın 24-də qədim mədəniyyət və sivilizasiya məskəni olan Naxçıvan şəhərində anadan olub. Təhsilini mollaxanada alan görkəmli mütəfəkkirin sonrakı taleyi məşhur “Tərbiyə” məktəbi ilə bağlanıb. 1898-1904-cü illərdə İranda Talibiyyə mədrəsəsində dərs alan Cavidin həyatında 1905-ci ildən Türkiyə dövrü başlayıb. O, 1906-1910-cu illərdə İstanbulda təhsil alıb. 1910-cu ildə Naxçıvana qayıdan böyük ədib müəllimliklə məşğul olub, buradakı “Rüşdiyyə” məktəbində, Bakıda “İttihad” məktəbində dərs deyib, “Ədəbiyyat” dərsliyinin müəlliflərindən biri kimi çıxış edib. 

 

Ramiz Qasımov diqqətə çatdırıb ki, Cavid həm də siyasi fəaliyyətlə məşğul olub. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda yaranan Araz Türk Respublikasının nümayəndə heyətinin tərkibində müxtəlif tədbirlərdə fəal iştirak edib.

 

Qeyd olunub ki, Hüseyn Cavidin böyük istedadla yazdığı dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir

 

“Açıq dərs”də görkəmli şairin istintaq olunması və uzaq Sibirə sürgün edilməsindən danışılaraq ölkəmizdə Cavid irsinə, faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Qeyd olunub ki, dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur.

 

Bildirilib ki, məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi uzaq Sibirdən Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn olundu.

 

Ramiz Qasımov bildirib ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Hüseyn Cavidin  130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.