Nazir:“Qarabağ Universitetinin işçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”


“2024-2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması planlaşdırılır. Yaxın 5 ildə universitetdə tələbə sayının 5 minə çatdırılması gözlənilir. Burada pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq. Bu ildən pedaqoji istiqamətdə ibtidai sinif, riyaziyyat müəllimliyi və bir sıra digər müəllim ixtisasları, iqtisadiyyatda iqtisadiyyat, mühasibat uçotu, maliyyə, humanitar və sosial elmlərdə hüquqşünaslıq ixtisası olacaq.

 

İncəsənətdə əsasən, musiqi və dizayn ixtisasları olacaq,  mühəndislikdə artıq kompüter mühəndisliyinin olacağını tam əminliklə deyə bilərik. Hər fakültənin bir proqram rəhbəri olacaq”.

 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, universitetdə 70 nəfər professor-müəllim heyətinin yer alması planlaşdırılır. Qarabağ Universitetinin professor- müəllim və inzibati heyəti üçün bütün vakansiyaların hər biri elan ediləcək.

 

Mətbuat konfransında universitetdə çalışacaq müəllim heyətinin əməkhaqları məsələsinə də toxunulub. Bildirilib ki, əməkhaqqıların orta göstəricidən bir neçə dəfə yuxarı olması təmin ediləcək.

 

“Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”-deyə nazir vurğulayıb.