Xalqımızın ən qədim və əziz bayramı Novruz yaxınlaşır.  Bu bayram hər dəfə   öz gəlişi ilə evlərimizdə tamam başqa bir ab-hava yaradır. Çünki dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız üçün Novruz bayramı daha doğma  və dəyərlidir.

 

Novruz  təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir.

        

Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hər birinə gün ayırıb. Beləcə, baharın,  Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb. Və əsrlər boyu xalqımız Novruzun bu dörd ünsürlə - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin  keçirilməsinə xüsusi həssaslıqla yanaşır,  onların hər birini sevinclə qeyd edir. Milli-mənəvi dəyərlərimzin gözəl nümunələrini özündə yaşadan Novruz çərşənbələrinin hər birinin öz mənaları, gözəlliyi var.

       

Bu gün fevralın 27-si  Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə "Yalançı çərşənbə", "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Sular Novruzu", "Gül çərşənbə" də  deyilir.

        

Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Qədim inam və etiqadlara görə, Su çərşənbəsində təbiətin dörd ünsüründən biri olan su yenilənir. Bu çərşənbə su ilə, suyun təzələnməsi ilə başlayır.

       

Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqımızın inancına  görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq, sağlam  olarlar. Sübh tezdən bulaqdan götürülən su  isə min bir dərdin dərmanıdır.

       

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində  ilk tonqal qalanır və bayram ab-havasının yaxınlaşdığı nəzərə çatdırılır.   İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

       

Su çərşənbəsində, həmçinin süfrəyə su qoymaq və suyun masa üzərinə tökülməsi xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, ilin sizin üçün bol ruzi-bərəkət gətirəcəyinə inam yaranır.

       

Xalqımız üçün builki Novruz çərşənbələrinin ən böyük özəlliyi isə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində -artıq Xankəndidə, Xocalıda da... qeyd edilməsi olacaqdır.

   

Su çərşənbəniz mübarək! Ömrünüz  axar su qədər uzun və şəffaf olsun!

     

Qeyd edək ki, martın 5-də Od, martın 12-də Yel, martın 19-da  isə  axırıncı - Torpaq (İlaxır) çərşənbəsi qeyd ediləcək.

 

Ölkəmizdə bu il yaz fəsli martın 20-si saat 07:06-da  başlayacaq.

 

Samirə KƏRİMOVA