2023/2024-cü tədris ilinin payız semestrinin yekunları: ictimai yönümlülük və sosial faydalılıq


(Əvvəli  https://muallim.edu.az/news.php?id=28138 )

 

Milli hədəflərə töhfə əsas dəyərlərdən biri kimi

 

Milli hədəflərə töhfə verməyi, ictimai həssaslığı və sosial məsuliyyətliliyi əsas dəyərlərindən biri kimi qəbul edən MDU hesabat dövründə ictimai fəallığını daha da artırıb və sosialyönümlü fəaliyyətlərini genişləndirib.

 

Çoxşaxəli sosial fəaliyyətləri, güclənməkdə olan akademik potensialı və maarifləndirici mövqeyi ilə MDU yerli və respublika səviyyəsində həyata keçirilən tədbirlərə fəal töhfə verməyə çalışıb, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, təhsilalanların, akademik və inzibati heyət üzvlərinin, eləcə də regionda müvafiq peşə sahiblərinin bilik və bacarıqlarının artırılması istiqamətində davamlı addımlar atıb.

 

“Heydər Əliyev İli” çərçivəsində

 

Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetdə Vətənə, dövlətə və xalqa bağlı layiqli kadrların yetişdirilməsi baxımından xüsusi önəm kəsb edir. Bu məqsədlə, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da Tədbirlər Planı təsdiq edilib və bu çərçivədə müxtəlif formatlı tədbirlər həyata keçirilib.

 

Ümumilikdə, ötən il universitetdə Ulu Öndərə həsr olunan 1-i respublika, 3-ü beynəlxalq olmaqla 20 elmi konfrans, 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” və 5 mühazirə təşkil edilib. Tədbirlər Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Mingəçevir şəhər təşkilatı, Mərkəzi Aran Regional Təhsil İdarəsi və tərəfdaş universitetlərin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Hesabat dövründə “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda MDU-da keçirilən respublika elmi konfransının materialları kitab şəklində, eləcə də, MDU-nun “Dayanıqlı inkişaf” elmi jurnalının Ulu Öndərin şərəfli ömür yoluna və titanik fəaliyyətinin müxtəlif sahələrinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.

 

Bununla yanaşı, MDU-da “Heydər Əliyev xatirələrdə” adlı layihə həyata keçirilib. Ulu Öndərin zəngin irsinin təbliğinə töhfə məqsədilə reallaşdırılan layihə çərçivəsində dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlər təşkil olunub. Şəhər ictimaiyyəti nümayəndələri, ümumtəhsil məktəblərinin rəhbər, müəllim və şagird kollektivi, professor-müəllim heyəti, tələbə və magistrantların iştirakı ilə 3 görüş keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Şahlar Əsgərov və ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru professor Misir Mərdanovla keçirilən görüşlərdə Ümummilli Liderimizlə bağlı xatirələrdən bəhs olunub.

 

Bundan əlavə, MDU-da tələbələrin iştirakı  ilə əbədiyaşar liderimizə həsr olunan bilik yarışı, ədəbi-bədii tədbir və ağacəkmə aksiyaları keçirilib. Həmçinin, MDU-nun kitabxanalarında Ulu Öndərlə bağlı guşələr yaradılıb.

 

Mingəçevir şəhərinin 75 illiyinə

 

Hesabat dövründə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə “Azərenerji” ASC, Mingəçevir ŞİH və MDU-nun birgə təşkilatçılığı ilə “Azərbaycanın enerji təminatında Mingəçevirin rolu” mövzusunda elmi-praktik konfrans, MDU və Mərkəzi Aran RTİ-nin birgə təşkilatçılığı ilə “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda məktəblərdə silsiləvi tədbirlər, MDU və Mingəçevir ŞİH-nin birgə təşkilatçılığı ilə “Tarixi Zəfərdən güc alan nur mənbəyi: Mingəçevir” mövzusunda elmi-praktik konfrans, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Mingəçevir şəhərində ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi” mövzusunda seminar keçirilib.

 

Bununla yanaşı, universitetin tələbə və əməkdaşlarının iştirakı ilə iməcilik, istedadlı tələbələrin rəsm və əl işlərindən ibarət sərgi, bilik yarışı və tələbə ekskursiyaları təşkil edilib. MDU-da tələbələr üçün təşkil edilən “Nur şəhəri - 75” adlı silsiləvi görüşlərdə Mingəçevir şəhərinin keçdiyi tarixi inkişaf yolu barədə ətraflı məlumat verilib.

 

2023-cü ilin “Gənclər paytaxtı”

 

2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsi MDU-nun çoxşaxəli fəaliyyətlərində öz əksini tapıb. Bu çərçivədə həyata keçirilən müxtəlif formatlı çoxsaylı tədbirlərdə MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları fəal təmsil olunublar.

 

Mingəçevir şəhərində gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyətinə görə MDU 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyi Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.

 

Potensialın inkişafına hədəflənən fəaliyyətlər

 

Akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların müvafiq layihələrdə, maarifləndirici tədbirlərdə, təlim və təcrübə proqramlarında iştirakı üçün lazımi şərait yaradılıb.

 

2022-ci ilin sentyabr ayında MDU-da iki dəfə birhəftəlik “Tyutor xidməti” təlimlərinin təşkili təhsil prosesinə cəlb olunan tyutorların bilik, bacarıq və səriştələrinin artırılmasına hədəflənib.

 

MDU-da fəaliyyət göstərən TESOL mütəxəssisi Anna Cannon tərəfindən həftədə 3 dəfə ingilis dili danışıq klubunun fəaliyyətinə start verilib ki, bu da universitet əməkdaşlarının və tələbələrin xarici dil bacarıqlarının artırılması məqsədinə xidmət edib.

 

Azərbaycan Repsublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar layihəsi çərçivəsində “Tusi (2C)” inkubasiya proqramına MDU-nun 50-ə yaxın tələbəsi qatılıb. Layihə innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsi məqsədi daşıyıb.

 

Universitetin Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “CV hazırlanması və uğurlu müsahibənin yolları” mövzusunda təlim keçirilib.

 

Cari tədris ilinin payız semestrində MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlarının iştirakı ilə “Akademik münasibətlərdə psixoloji dəstək və ünsiyyət texnikaları”, “Sosial media”, “Karyera planlaması”, “Emosional zəka” və  “Liderlik” mövzularında təlimlər və ustad dərslər təşkil edilib.

 

MDU və Mərkəzi Aran RTİ-nin əməkdaşlığı çərçivəsində “Şagirdlərlə psixoloji iş” mövzusunda təşkil edilmiş ustad dərslər məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində psixoloqların bilik, bacarıq və təcrübələrinin artırılmasına töhfə məqsədi daşıyıb.

 

Maarifləndirici tədbirlər

 

Aktual mövzularda maarifləndirici və məlumatlandırıcı tədbirlərin təşkili MDU-nun sosialyönümlü fəaliyyətlərinin əsas tərkib hissələrindəndir.

 

Hesabat dövründə xaricdə təhsil, könüllülük, yol istifadəçilərinin məsuliyyəti və təhlükəsizliyi, narkomaniyaya qarşı mübarizə, mediasiya, dövlət qulluğuna qəbul, qeyri-formal məşğulluqla mübarizə, vergilər və digər mövzularda keçirilmiş maarifləndirici seminarlar və görüşlər gənclərin sözügedən mövzularda məlumatlılıq səviyyəsinin və dünyagörüşlərinin artırılmasına xidmət edib.

 

Məzunlarla işin təkmilləşdirilməsi

 

2023-cü ilin noyabrın 3-də MDU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib. Hər iki tədbir Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

 

MDU-nu müxtəlif zamanlarda bitirmiş 200-ə yaxın məzunun illər sonra ilk dəfə Birinci Məzun Forumunda doğma universitetlərinə təşrif etməsi universitet tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Forumun təşkilində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platforma təmin etməkdən ibarət olub.

 

Forumda məzunlarla işin təşkili və universitet-məzun əlaqələrini gücləndirmək məqsədilə MDU Məzunlar Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib və 11 nəfər məzundan ibarət İdarə Heyətinin tərkibi formalaşdırılıb.

 

Vətənpərvərlik məzmununun gücləndirilməsi

 

Hesabat dövründə universitetdə ali təhsil mühitinin vətənpərvərlik məzmununun daha da gücləndirilməsi istiqamətində müvafiq addımlar atılıb. Bu istiqamətdə fəaliyyətlərin icrası və koordinasiyasında MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi əhəmiyyətli rol oynayır. MDU-da Anım Gününə, Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən çoxsaylı tədbirlər, o cümlədən konfranslar, seminarlar, “dəyirmi masa”lar, mühazirələr və film təqdimatı keçirilib. Universitetin şəhid məzunlarının ailələri mütəmadi ziyarət edilib, Şəhidlər xiyabanında onların əziz xatirələri yad edilib, qazi məzunlarla, Vətən müharibəsi iştirakçısı olan tələbə və əməkdaşlarla, eləcə də cari tədris ilində MDU-nun tələbəsi adını qazanmış şəhid övladları ilə görüşlər təşkil olunub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. MDU-nun 1 məzunu isə 2022-ci ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

 

Digər sosialyönümlü fəaliyyətlər

 

Sosialyönümlü tədbirlər çərçivəsində MDU-nun bir qrup əməkdaşı Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında və Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya və dəstəyə ehtiyacı olan uşaqları ziyarət edərək, onlara mənəvi-psixoloji dəstəklərini ifadə ediblər. Həmçinin, universitetin hazırda təqaüddə olan keçmiş əməkdaşlarına evlərində baş çəkilərək xüsusi diqqət göstərilib.

 

Tələbəyönümlülük, çoxşaxəli tələbə həyatı və nailiyyətlər

 

Tələbəyönümlü ali təhsil mühitinin təmin edilməsini diqqət mərkəzində saxlayan MDU-da tələbələrin universitet idarəçiliyində fəal iştirakına və tələbə həyatının çoxşaxəliliyinə xüsusi önəm verilir.

 

MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində tələbələr təmsil olunublar. Bununla yanaşı, tələbə və valideynlərin istəklərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari tədris ilinin payız semestrinin imtahan sessiyası ərzində universitet rektorunun iştirakı ilə “Açıq qapı” günləri keçirilib.

 

Bununla yanaşı, ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə ödənişsiz məlumatlandırıcı və məsləhət xidmətləri göstərmək məqsədilə MDU-da “Abituriyentlərə dəstək qrupu” yaradılıb, yeni qəbul olmuş tələbə və magistrantların universitetlə tanışlıq prosesinə dəstək məqsədilə “Oriyentasiya Günü” keçirilib və onların universitet həyatına daha motivasiyalı inteqrasiyası üçün rektorla görüşləri təşkil edilib.

 

Tələbə təşkilatları və klublarının işində, universitet idarəçiliyi, startap və könüllülük fəaliyyətlərində, elmi konfranslarda, vətənpərvərlik məzmunlu tədbirlərdə, müvafiq təbliğat və maarifləndirmə işlərində, iməciliklərdə, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələri və yarışlarında fəal təmsil olunan MDU tələbələri hesabat dövründədə bir çox nailiyyətlərə imza atmaqla universiteti layiqincə təmsil ediblər.

 

(Ardı var)

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru