Lənkəran Dövlət Universitetində (LDU) 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.


Tədbirdə LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yədulla Ağazadə “Dilimiz milli sərvətimizdir” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışıb, dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitə olduğunu deyib:” Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”.


Məruzədə qeyd edilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, dövlət statusu qazanması, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
 

Sonra kafedranın dosenti Əlirza Əliyevin ”Ulu öndər Heydər Əliyev və Ana dilimiz” mövzusunda çıxışı dinlənilib. Çıxışda ana dilimizin inkişaf mərhələlərindən bəhs edilib, müxtəlif dövrlərdə bu dildə yaradılan bədii irs barədə ətraflı danışılıb. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

 

Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompozisiya və videoçarxla başa çatıb.