Gəncə Dövlət Filarmoniyasında “Startap day” layihəsinin final mərhələsi keçirilib.

 

“Startap Day” layihəsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Kapital Bankın  Gəncə filialı, Gənclər İnkişaf Naminə İctimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
 

Layihənin final mərhələsində açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov hal-hazırda innovasiya və startapların sonuncu nəsil universitetlərin ayrılmaz bir parçası olduğunu və bu məqsədlə də Aqrar Universitetdə tədrisin, elmi-tədqiqat fəaliyyətinin və tələbələrin fəaliyyətinin təşkili, idarə edilməsinin innovasiyalı idarəetmə sisteminə inteqrasiya olunduğunu, bu istiqamətdə işlərin aparıldığını vurğularaq, finalda çıxış edəcək komandalara uğurlar arzulayıb.
 

Asiya İnkişaf Bankının layihələr üzrə mütəxəssisi Səbinə Yusifova bu kimi layihələrin regionlarda innovasiya ekosisteminin yaranması və inkişafında önəmli rol oynamasından, ümumilikdə bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.

 

Daha sonra Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, KOBİA Gəncə-Daşkəsən region koordinatoru Anar Əliyev və ADAU-nun İnnovasiyalar Mərkəzinin direktoru Elvin Agayev layihə ilə bağlı fikirlərini bölüşüblər.



Sonda final mərhələsi üçün seçilən 11 fərqli ideyada yarışan startap komandaları təqdimatlarını edib və təqdimatlar seçilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirilmə nəticəsində "EwerGreen" startapı I, "Laser Eye" startapı II, "ITS" startapı isə III yerə layiq görülüb və qalib komandalar mükafatlarla təltif edilib.