Balakən rayon Qazbölük kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Ramazan Cirinqovun anadan olmasının 55-ci ildönümünə həsr edilmiş  tədbir keçirilib.

 

Tədbirdə Balakən rayon təhsil sektorunun əməkdaşları, yazıçı-publisist Nəfisət Vahid, yazıçı Şöyüb Mikayılov, Milli Qəhrəman Ramazan Cirinqovun ailə üzvləri, "Şəhid Rauf Hədisov adına Təqaüd Fondu"nun rəhbəri Tinov Bağmanov, kənd ictimaiyyəti, Qabaqçöl qəsəbə və qəsəbəətrafı məktəblərin şagirdləri, müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

 

Çıxış edənlər Milli Qəhrəmanın həyat və fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, R.Cirinqov polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunub, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edib. 1995-ci ildə Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində rəşadət göstərib. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların qarşısını vaxtında alan R.Cirinqov 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olub.

 

Ramazan Cirinqova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

Çıxışlardan sonra şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Şakir CƏFƏROV