Yol hərəkəti qaydaları haqqında maarifləndirmə ailə və məktəblərdə necə aparılır?
Hər birimiz gündəlik həyatımızda müxtəlif yollardan istifadə edirik. Yollarda yarana biləcək təhlükədən qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olmağımız vacibdir. Yetkin insanlar bu qaydaları kifayət qədər bilsələr də, uşaqların sözügedən yol hərəkəti qaydalarını kiçik yaşlardan öyrənməsi gərəkdir. Bu məsələdə məktəblə yanaşı, valideynlərin də üzərinə böyük məhsuliyyət düşür. Çünki uşaqların ani diqqətsizliyi, tələsik hərəkət etməsi, piyada keçidlərindən düzgün istifadə etməməsi xoşagəlməz hadisələrə gətirib çıxara bilər.
Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat-təşviqat, maarifləndirmə tədbirləri hər il mütəmadi təşkil olunur. Yol mədəniyyəti haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Maarifləndirici videoçarxlar vasitəsilə bilgilər çatdırılır. Bundan başqa, ekskursiyalar təşkil olunur, bunlar əsasən nəqliyyatın seyrək olduğu ərazilərdə baş tutur. Məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir.
Bu vacib maarifləndirmə ilə təkcə məktəb yox, valideynlər də məşğul olmalıdırlar…
Bakıdakı 54 və 266 nömrəli tam orta məktəblərdə olduq. Şagirdlər və valideynlərlə söhbət edərək, yol hərəkəti qaydalarına dair maarifləndirmənin səviyyəsi ilə bağlı onların fikirlərini öyrəndik.
54 nömrəli tam orta məktəbin III sinif şagirdi Cahidin nənəsi Nərgiz Əliyevanın fikrincə, kiçik yaşlı uşaqlara yol hərəkəti qaydalarını əyani vəsaitlər üzərində öyrətmək metoduna önəm verilməlidir, çünki balacaların əşyalara, oyuncaqlara marağı böyük olur , onlar zəruri bilgiləri əşyalar üzərində daha yaxşı anlayır: “Texnologiyanın inkişaf etdiyi müasir dünyada uşaqlar rəqəmsal oyunlardan istifadə etməklə yol hərəkəti qaydalarını mənimsəyir, oyunlardakıları gerçəklik kimi görməyə başlayır. Bir çox dərgi və jurnallar uşaqların diqqətini zəruri mövzuya rəngli şəkillərlə cəlb edir. Məktəbyaşlı uşaqların yol hərəkəti qaydalarını öyrənmələri, ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Bu işdə məktəblə yanaşı, bizlərin üzərinə üzərinə böyük məhsuliyyət düşür. Biz uşaqlarımıza lap balaca yaşlarından bu qaydaları öyrətməliyik”.
Bu təhsil ocağının digər valideyni Şəmsiyə Hacıyeva da insanın təhlükəsiz hərəkəti üçün yol hərəkəti qaydalarını bilməsinin olduqca vacib olduğunu vurğulayaraq, övladları Samir və Əminənin bu qaydaları uşaq yaşlarından bildiklərini deyib: “Ümumiyyətlə, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Şagirdlərin bu qaydalara əməl edərək yolu keçmələri özlərini bədbəxt hadisələrdən qoruya bilər”.
266 nömrəli tam orta məktəbin III a sinif şagirdi Nihat Hüseynzadənin valideyni Əfsanə Hüseynovanın sözlərinə görə, hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsi vacibdir. Bunun üçün də onlar müvafiq qanunda nəzərdə tutulan müddəalardan xəbərdar olmalıdırlar. Uşaqların təhlükəsizliyinin təmin olunmasında ən böyük vəzifə valideynlərin və müəllimlərin üzərinə düşür. Valideyn kimi həmişə övladımla yolda olarkən, yol keçərkən qaydaları başa salaraq onlara əməl etməyi tələb etmişəm. Çox vaxt tələsəndə özümüz də yollarda qaydaları pozuruq amma çalışmalıyıq ki, etməyək. Xüsusəndə övladlarımız yanımızda olarkən. Ona görə ki, biz övladlarımıza nümunəyik”.
Həmin məktəbin III sinif şagirdi Ömər Tağızadənin valideyni Raisə Tağıyeva da yol hərəkəti qaydaları və təhlükəsiz həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılmalı olduğunu deyib. Bildirib ki, vərdişlərin uşaq və yeniyetmələrə aşılanmasında müəllimlər qədər, valideynlər də vacib rol oynayırlar: “Əziz valideynlər, gəlin uşağımızı küçədə ayıq və diqqətli olmağa öyrədək. Onlara küçələrdə səki ilə getməyi, səkinin isə sağ tərəfi ilə hərəkət etməyi, küçəni keçərkən tələsməməyi başa salaq. Mən həmişə övladıma yolu yalnız xüsusi ayrılmış yerlərdən, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyi öyrədirəm. Xüsusilə də, keçiddə işıqfor varsa, "yaşıl - get, qırmızı - dayan" keçmə qaydalarına əməl etməsini bildirirəm. Düşünürəm ki, kiçikyaşlı uşaqların təhlükəsizliyinin qorunması, onlara yol hərəkət qaydalarının izah olunması biz valideynlər tərəfindən olmalıdr. Balacalar adətən diqqətsiz olur, şıltaqlıq edir, onları hər an gözləyən təhlükələrdən xəbərsiz olurlar. Buna görə də bizlər övladlarımıza yol hərəkəti qaydaları ilə bağlı müntəzəm məlumat verməli, onları yarana biləcək təhlükələrdən maksimum qorumalıyıq”.
İndi isə şagirdlərin fikirləri ilə tanış olaq.
Bakıdakı 54 nömrəli tam orta məktəbin VII a sinif şagirdi Əminə Mənsimli: “Yol hərəkəti qaydalarını bildiyim üçün sevinirəm. Bunu bilməkdə, ilk növbədə valideynlərimə, sonra müəllimlərimə minnətdaram. Yol hərəkəti qaydalarını bilmək və ona əməl etməklə biz öz təhlükəsizliyimizi təmin etmiş olarıq”.
Əminənin sinif yoldaşı Ayan Sadıqova da yolda diqqət etməli qaydalar barədə bizimlə həmsöhbət oldu.
Ayan Sadıqova: “ Yolu keçərkən heç vaxt tələsmirəm. Bütün diqqətimi işıqforun nizamlayıcı işıqlarına yönəldirəm. Piyadalar üçün nəzərdə tutulan işıq yanan kimi yoluma davam edirəm. Əksər hallarda sinif yoldaşlarımla yolu keçirik. Qaydalara mütləq əməl etməliyik. Bu gündəlik həyatımızda əməl etməli olduğumuz qızıl qaydalardan biridir. Müəllimlərimiz deyir ki, yol keçmək özü bir mədəniyyətdir, onlara əməl edin”.
Həmin məktəbin şagirdi Rəhim Rəhimli: “ Gündəlik hər birimiz mənzil başına catmaq üçün yollardan istifadə edirik. Mən də yol hərəkəti qaydalarına əməl etməyi çox sevirəm. düşünürəm ki, bunu bilmək bizlərin təhlükəsizliyi üçündür. Yolu keçərkən ən çox maşınların isıqforlarda dayanıb- dayanmadığına diqqət edirəm. Əmin olduqdan sonra keçirəm”.
Bakıdakı 266 nömrəli tam orta məktəbin III a sinif şagirdi İsa Eyyubov: “Mən həmişə valideynlərimlə yolu keçirəm. Onlar mənim əlimdən bərk- bərk tuturlar yolu keçərkən. Həmişə də mənə yol hərəkəti qaydaları barədə məlumat verirlər. Yolda diqqət etməli olduğum bütün nə varsa, onları mənə aramla başa salırlar. Məktəbdə müəllimlərimiz də yol hərəkəti qaydaları bərədə bizləri məlumatlandırır. Oyrənmışəm ki, yolu keçərkən yalnız piyadalar üçün nəzərdə tutulan yerlərdən və işıqforların qarşısında nəzərdə tutulan piyada zolaqlarının üstü ilə hərəkət etmək lazımdır”.
VII c sinif şagirdi Sami Şəfiyev: “Bizim yollarda təhlukəsizlik qaydalarına əməl etməyimiz öz sağlamlığımızla yanaşı, digər hərəkət iştirakçılarını da real təhlükələrdən qoruyur. Biz yuxarı sinif şagirdləri də yolda özümüzü aparmağımızla müsbət və mənfi mənada həmyaşıdlarımıza və özümüzdən balacalara nümunəyik”.
Bakı Şəhər DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və içtimai qurumlarla əlaqə bölməsinin rəisi polis kapitanı Toğrul Nəsirli: “Dövlət Yol Polisi uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydalarının təbliği və bu sahədə əldə olunan müsbət təcrübənin yayılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir.
Bölmə rəisi bizimlə söhbətində Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsindən, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlama xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsilalanlar arasında təbliğat tədbirlərinin gücləndirilməsindən də danışıb: “Bütün bunlarla yanaşı, yolu keçərkən telefon və ya qulaqcıqdan istifadə, yolu nəzərdə tutulmayan yerdən keçmə, eləcə də sürücülük hüququ olmadığı halda avtomobil idarə edilməsi kimi təhlükəli əməllərdən çəkindirilməsi istiqamətində maarifləndirmə işləri aparılır. Aparılan tədbirlər sırasında süni şəkildə yaradılan "qəza" zamanı uşağa yolda nə baş verdiyi, qəzanı törədənlərin düzgün və ya qeyri-düzgün hərəkətlər etdiyi izah olunmalıdır. Yəni, əgər uşaq real qəza ilə üzləşərsə, təhlükədən necə xilas olacağını əvvəlcədən bilməlidir.
T.Nəsirli əlavə edib ki, yol hərəkətinə dair bütün qaydalara valideynlər özləri daha dəqiqliklə əməl etməlidirlər. Çünki hər bir uşaq öz valideynindən örnək götürür. Əgər ata və ya ana yolda təhlükəsizlik qaydalarına əməl etmirsə, onun öz övladına bu qaydalar barədə danışması mənasız olar. Deməli, yol hərəkəti qaydalarını özümüz bilməli və o qaydalara əməl etməliyik ki, həm özümüzün, həm də uşaqlarımızın təhlükəsizliyini təmin edək.
Rəşad ZİYADOV