Naxçıvan Dövlət Universitetində (NDU) “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirilib.
NDU-nun rektoru Elbrus İsayev belə görüşlərin gələcəkdə hər iki tərəf üçün faydalı məqamlarına toxunub, dünya təcrübəsində bu cür işbirliklərinin faydalı cəhətlərinə nəzər salıb. Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin qiymətləndirilmə meyarlarında, nüfuzlu universitetlər arasından seçilib dəyərləndirilməsində bu cür əməkdaşlıqların xüsusi əhəmiyyəti vardır.
E.İsayev uzun illərdir, şirkətlə aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Vurğulayıb ki, universitetin müvafiq ixtisaslar üzrə tələbələri şirkətdə təcrübəyə cəlb olunmaqla gələcəkdə bu istiqamətdə peşəkar mütəxəssis kimi formalaşa bilərlər.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Teymur Rzayev belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyətinə toxunub.
Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq üçün sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də müzakirə olunub.
Sonra ikitərəfli əlaqələrin perspektivləri nəzərə alınmaqla, Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.