Məlum olduğu kimi, 9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib. 

 

Məktəblilərimiz 13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. 

 

Belə ki, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər.  Məktəblilərimiz sözügedən yarışda ilk dəfədir ki, qızıl medal qazanır. 

 

Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. 

 

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla, ümumilikdə 59 medal əldə ediblər.

 

Qızıl medalçı Ayxan Dəmirlinin   uğur hekayəsi iə tanış olaq.   

 

Arzum İT sahəsi üzrə dünyanın Top universitetlərindən birinə qəbul olmaq, bu sahənin yüksək ixtisaslı mütəxəssisinə çevrilməkdir

 

VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində qızıl medala layiq görülən Ayxan Dəmirli  3 iyul 2008-ci ildə Bakı şəhərində anadan olub və hazırda Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir. Ayxanın sevimli fənləri riyaziyyat və informatikadır. Bu səbəbdəndir ki, o səkkizinci sinifdən başlayaraq informatika olimpiadalarına hazırlaşır.

 

Ayxan bu günədək 2023-cü ildə informatika üzrə keçirilən Respublika Fənn Olimpiadasında qızıl, 2023-cü ildə Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında və 2024-cü ildə Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında gümüş medal qazanıb.

 

Ayxan Dəmirli VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində qızıl medala layiq görülməsini ən böyük uğurlarından biri hesab edir, təəssüratlarını belə bölüşür: “Mən olimpiadalara hazırlaşmaq üçün hər gün 4-5 saat vaxt ayırıram. Bildirmək istəyirəm ki, müsabiqələrə hazırlıqda mühitin yaradılması çox önəmlidir və bu mənada məktəbimiz böyük rol oynayır. Biz olimpiadaçı şagirdlərlə birlikdə gündəlik məsələlər həll edirik və bu bizə qrup olaraq çox kömək edir; beynəlxalq olimpiadalarda məktəbimizin nəticələri artır. Eləcə də digər şagirdlərdə də olimpiadalara maraq yaradır. Eyni zamanda, bu yolda ailənin də rolu böyükdür və valideynlərim mənə hər zaman dəstək olublar. Bunun üçün müəllimlərimə və valideynlərimə minnətdarlığımı bildirirəm. VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsinə hazırlıq prosesində çəkdiyim zəhmətin qarşısında qızıl medala layiq görülməyim məni irəlidə daha böyük uğurlara imza atmağa ruhlandırır”.

 

Gələcək hədəfləri haqqında isə Ayxan Dəmirli  belə deyir: “Arzum İT sahəsi üzrə dünyanın Top universitetlərindən birinə qəbul olmaq, bu sahənin yüksək ixtisaslı mütəxəssisinə çevrilməkdir”.  

 

Digər medalçı  Raul Cəfərlinin də  uğur hekayəsi ilə tanış olaq.

 

Qarşıdakı planlarım növbəti olimpiadalarda daha yaxşı nəticə göstərərək qızıl medal qazanmaqdır

 

VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində bürünc medala layiq görülən Raul Cəfərli  1 mart 2008-ci ildə Bakı şəhərində anadan olub. O, hazırda Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdidir. Raul riyaziyyat və informatika ilə yanaşı, digər texniki fənlərə də böyük maraq göstərir.

 

Adı çəkilən müsabiqədən öncə də müxtəlif bilik yarışmalarına qatılan Raul Respublika Fənn Olimpiadalarından 1 qızıl və 1 gümüş, Beynəlxalq Jautikov Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası və “İnfO(1)Cup” kimi beynəlxalq müsabiqələrdə bürünc medala layiq görülüb.

 

Raul Cəfərli təəssüratlarını belə dilə gətirir: “VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsinə hazırlıq prosesində keçirilən kampların (düşərgələrin) və hazırlıq dərslərinin bizə faydaları çox oldu. Kamplarda təcrübəli müəllimlərin dərsləri nəticəsində böyük təcrübə əldə etdik. Müsabiqə onlayn formatda keçirilməsinə baxmayaraq, bu ilki yarış ötən illərdən daha rəqabətli olmağı ilə fərqləndi. Müsabiqəyə müxtəlif ölkələrdən qatılan çox güclü şagirdlər arasında medal qazandığım üçün sevincliyəm. Müəllimlərimizə dərin minnətdarlığımı bildirirəm”.

 

Məktəblimiz gələcəkdə ali təhsilini dünya üzrə yüksək reytinqli universitetlərin birində davam etdirmək arzusundadır. Hədəfləri haqqında Raul belə deyir: “Universitetə qəbul zamanı olimpiada ilə məşğul olmağın öz avantajlarının olacağından əminəm. Qarşıdakı planlarım növbəti olimpiadalarda daha yaxşı nəticə göstərərək qızıl medal qazanmaqdır”.  

 

Lamiyə Əlimərdanova