Həyat mənbəyi olan suyun kainatda axtarışlarında Saturnun peyki Mimas ön sıralarda olmasa da, alimlər onun cansız buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər.
2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər. Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər.
Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu, onun həcminin yarıdan çoxunu təşkil edir.
Okeanın yaşı 25 milyon ildən çox deyil, ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşıb. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.
Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hal-hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu, okeanın donmasına səbəb ola bilər. Əgər okean donarsa, o zaman biz onun səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik.
Sözügedən kəşf Miması həyatın yaranmasına səbəb ola biləcək şərtlərin araşdırılması üçün yeni bir obyektə çevirir, çünki Yerdəki ilk canlı orqanizmlər milyardlarla il əvvəl planetimizin ilkin dənizlərində yaranıb.
Qeyd edək ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında çap olunub.
Şamaxı Astrofizika Rəsədxanası