II UTECA kuboku uğrunda mübarizəyə 13 komanda qoşulub
Azərbaycan Texnologiya Universitetinin (UTECA) idman zalında futzal üzrə daxili birincilik start götürüb. II UTECA kuboku uğrunda təşkil olunan çempionatda tələbələbələrdən ibarət 13 komanda iştirak edir. Oyunlardan öncə turnirin açılış mərasimi baş tutub. Rəsmi hissədə universitetin rektoru, professor Akif Süleymanov ölkədə idmanın inkişafından söhbət açıb. Bu inkişaf UTECA-nın tələbələrində də özünü hiss etdirir. Rektor bunun bariz nümünəsi kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən şəhər birinciliyində UTECA kollektivinin çempion olmasını fəxrlə vurğulayıb. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov isə bu yarışın vacibliyindən söz açıb və bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra oyunlar start götürüb. Matçda topa ilk toxunuşu simvolik olaraq UTECA-nın rektoru, professor Akif Süleymanov edib. Yarış ümumilikdə 1 ay davam edəcək. Turnirin sonunda ilk üç pilləni tutan komandalara diplom və hədiyyələr təqdim olunacaq. Çempion komanda isə kubokla mükafatlandırılacaq. Bundan başqa, ayrı-ayrı nominasiyalarda da mükafatlar veriləcək.