Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla İş mərkəzinin təşkilatçılığı ilə ali təhsil ocağında “Elm və Mühəndislik” düşərgəsinə start verilib.

 

Qeyd edək ki, düşərgənin təşkilində əsas məqsəd tələbələr ilə müxtəlif şirkətlərdə çalışan mütəxəssislər arasında əlaqənin yaradılması, praktik biliklərin mənimsənilməsi, real əmək bazarında mühəndislik səriştələrinə tələbatın öyrənilməsindən ibarətdir.

         

Düşərgənin ilk günü universitetin rektoru dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq, mühəndislik yönümlü düşərgənin məqsədi barədə məlumat verib. Daha sonra rektor “Əzmkarlıq strategiyası” mövzusunda təqdimatla çıxış edib.  Bu cür düşərgələrin universitet-sənaye əlaqələrinin gücləndirilməsi, sənayenin tələblərinə uyğun kadr hazırlığı və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsində əhəmiyyətindən danışıb.

          

“Azərtexnolayn” MMC Polad boru zavodunun istehsalat müdiri Əhəd Şəfiyev, Marketinq şöbəsinin mütəxəssisi Zaur Ömərov, İnsan Resursları üzrə mütəxəssis Nuranə Səlimzadə təqdimatla çıxış edərək şirkətin fəaliyyəti və düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat veriblər. Ə.Şəfiyev qeyd edib ki, şirkətdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək və onlar sənayedə gedən proseslərlə tanış olmaq imkanı qazanacaqlar.

          

“GİLTEX” MMC İstehsal fabrikləri üzrə əməliyyat direktoru Turgay Mazman, Keyfiyyətə nəzarət üzrə direktor Ömer Karataş və İnsan Resursları departamentinin rəhbəri Allahverdi Bağırov çıxış edərək tekstil şirkətin keçdiyi yol barədə iştirakçılara məlumat verib.

 

Daha sonra Allahverdi Bağırov SDU-GİLTEX MMC əməkdaşlığının mahiyyətini izah edərək iştirakçılara istehsal sahələrinə vaxtaşırı ekskursiyaların təşkil olunmasını təklif edib.

          

Təqdimatlardan sonra “Azərtexnolayn” MMC-nin istehsal sahələrinə ekskursiya təşkil olunub. Tələbələr 3 zavodun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
          

Qeyd edək ki, “Elm və Mühəndislik” düşərgəsi üç gün davam edəcək.