Qran-pri mükafatçısı İnci Həsənli: “Qazandığım uğurlar mənə hədsiz stimul verir”
İnci Həsənli 2009-cu ildə Bakı şəhərində anadan olub. 2017- 2023 -cü illərdə Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano sinfində təhsil alıb. Həmin illərdə müəllimi Zoya Səfərova olub. 2023- cü ildə isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasına daxil olub. Hazırda professor Kəmalə Neymanovanın sinfində musiqi təhsilini davam etdirir. Yaşının az olmasına baxmayaraq, bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.
Ən sevimli musiqi aləti kimi fortepianoda ifa etmək artıq onun hobbisidir. Lap erkən yaşlarından bu musiqi alətini özünün ən yaxın dostu sayıb. İnci Həsənli bir-birinin ardınca kifayət qədər müsabiqə və istedad yarışmalarına qatılıb, müxtəlif kateqoriyalı festivallarda iştirak edib və uşaqlıqdan vurğunu olduğu bu musiqi alətinin qüdrəti sayəsində öz əsrarəngiz fantastik dünyasına qovuşub. Fortepianonun şirmayı dilləri üzərində zərif uşaq barmaqlarının yaratdığı möcüzələr hər dəfə dinləyicilərin alqışları, münsiflərin isə yüksək qiymətləri ilə cavablandırılıb. Hələ 2019-cu ildə “İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII müsabiqəsi”ndə, “Caspian Etude”, “World Harmony” müsabiqələrində ifaçılıq məharəti yüksək qiymətləndirilib və adı qaliblər sırasında səsləndirilib. Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyində isə “Gənc istedadlar”ın ifaçılıq müsabiqəsində uğurlu çıxışına görə İnci Həsənli bu yarışmanın ən yüksək mükafatına - Qran-priyə layiq görülüb və laureat adını qazanıb. 2022-ci il, özünün dediyinə görə, onun həyatında ən yaddaqalan il olub. Portuqaliyada keçirilən “Santa Cecilia XXIV International Piano Competiton” beynəlxalq müsabiqəsində ölkə təmsilçimiz I yerə yüksəlib. “Heydər Əliyev 100” IV Respublika müsabiqəsində III yerə, “Fikrət Əmirov 100” Gənc piano ifaçılarının Respublika müsabiqəsində II yerə layiq görülüb.
İnci Həsənli ilə həmsöhbət olmaq özü də insanı xoş ovqata kökləyir. Olduqca mehriban və şirindil qızdır. Bu qədər uğurların fonunda o, necə də sadə və səmimi görünürdü. Söhbət zamanı İnci onlayn keçirilən beynəlxalq müsabiqələrdə də uğurlara imza atdığını vurğuladı. Dedi ki, müxtəlif illərdə İspaniyada, Böyük Britaniyada, Fransada bir sıra beynəlxalq müsabiqələrə qatılıb və xoşbəxtlikdən hər dəfə də I yerlərə layiq görülüb. ABŞ-də isə o, böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilmiş festivalda II yerə, eləcə də İsraildə keçirilən müsabiqədə Qran-pri mükafatına sahib olub.
Uğurları ilə qürur duymağa əsas olan İnci Həsənli yeniyetmə pianoçu olaraq “Gənclərə dəstək layihəsi”ndə də iştirak edir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri Orkestri və onun bədii rəhbəri, baş dirijoru Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov və E.Nəzirovanın bəstələdiyi ərəb mövzusunda konsertin I hissəsini o ifa edib.
I Beynəlxalq Bakı Piano Festivalında Q.Qarayev adına Dövlət Kamera Orkestrı ilə F.Bədəlbəylinin “Dəniz” əsərini ifa edən İnci, həmçinin bu layihədə bir neçə solo ifa ilə də çıxış edib. Bundan əlavə, Azərbaycan Simfonik Orkestri ilə Mendelsonun “Concerto 1” 1-ci hissəsini də istedadlı yeniyetmə məharətlə canlandırıb.
- Bütün uğurlarımda sevimli müəllimlərimin əməyi var, - deyir İnci Həsənli. Hər dəfə yaşıdlarımın beynəlxalq müsabiqələrdə qazandıqları uğurları eşidəndə sevincimin hədd-hüdudu olmur. Çünki həmin uğurlara tələbkar müəllimlərimizin əməyi sayəsində nail oluruq, - söyləyir. Bu uğurlarla biz musiqiçilər həm təhsil ocağımızın şərəfini ucaldırıq, həm müəllimlərimizə başucalığı qazandırırıq, həm də biz övladlar üçün dünyada doğmadan-doğma olan valideynlərimizi sevindiririk.
Arzum gələcəkdə tanınmış sənətkar olmaq və milli musiqimizin şərəfini qorumaqdır. Bu gün qazandığım uğurlar mənə hədsiz stimul verir. Çalışıram ki, musiqi sahəsində əzmkarlıq nümayiş etdirim və Azərbaycan klassik musiqisini dünyaya tanıtdırım.
Sifai SƏFƏROVA