Fevralın 8-də Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" mövzusunda IX beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

 

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransa Rusiya, Türkiyə, Almaniya, Fransa, Portuqaliya, Litva, Ukrayna, Belarus, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 17 universitet, 9 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı firmaları təmsil edən 150-dən çox iştirakçı qatılıb.

 

Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.

 

Plenar iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Baş prokuror Kamran Əliyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov çıxış ediblər.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında konfransın əhəmiyyətindən, gənclərin yaradıcı potensialının üzə çıxarılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən bəhs edib.

 

Qeyd edək ki, "Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" mövzusunda IX beynəlxalq elmi-praktik gənclər konfransı fevralın 10-dək davam edəcək.