2023/2024-cü tədris ilinin payız semestrinin yekunları: tədris və elmi fəaliyyət


Milli ali təhsilin yeni reallıqları və prioritetləri

 

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində ölkəmizin suverenliyinin tam təmin olunması ötən ili əlamətdar edən ən böyük hadisə oldu. Əldə olunan tarixi qələbələr və onun məntiqi davamı kimi həyata keçirilən “Böyük Qayıdış” Proqramı milli ali təhsilin və elmin inkişafı üçün də yeni imkanlar qazandırıb və prioritetlər müəyyənləşdirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması məhz regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədi daşıyır.

 

Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, cari tədris ilinin payız semestri ali təhsil müəssisələrində bir çox əlamətdar hadisələrlə zəngin olub. Ümummilli Liderimizin anadan olmasının 100 illiyinə həsr olunmuş çoxsaylı və müxtəlif formatlı elmi, sosial, mədəni, maarifləndirici və beynəlxalq tədbirlər həyata keçirərək universitetlər cəmiyyət həyatında fəallığını daha da artırıb.

 

Bununla yanaşı, “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə 3000 manat məbləğində birdəfəlik təqaüdün ödənilməsi cari payız semestrinin yaddaqalan hadisələrindən hesab edilir. Habelə, 2023/2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdünün verilməsi təhsilalanların sosial rifahının yaxşılaşdırılmasına dövlət dəstəyinin bariz təzahürlərindəndir.

 

Eləcə də, ölkə rəhbəri tərəfindən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramının təsis edilməsi milli ali təhsilimizin beynəlxalq ali təhsil məkanındakı mövqeyinin gücləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Dövlət Proqramları və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ali təhsilin bütün səviyyələri üzrə xaricdə ali təhsil imkanlarının genişləndirilməsi, 2023-2024-cü tədris ili üzrə 26 min nəfərin təhsil tələbə kreditindən faydalanması ali təhsilə əlçatanlığın artırılmasına və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

 

Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərinə əsasən müasir dövrün tələblərinə və çağırışlarına cavab verən ali təhsilin təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası hesabat dövründə də ali təhsil müəssisələrinin fəaliyyət prioritetlərini təşkil edib.

 

Ötən ilin dekabrında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” tələbələrin nəzəri biliklərini praktiki bacarıqlar və sərişələrlə möhkəmləndirməsi ilə yanaşı, onların müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlanması və gələcək karyera inkişafı üçün müvafiq imkanların təmin edilməsini özündə ehtiva edib.

 

Həmçinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında ötən il bir sıra universitetlərdə akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb. Bu çərçivədə görülən işlər universitetlərdə strateji inkişaf və keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır. Yeni Meyarların tətbiqi səriştəəsaslı və tələbəyönümlü təhsil proqramlarının tətbiqi, ömürboyu təhsil və təhsilin fasiləsizliyinin təmin olunması, keyfiyyətli və şəffaf ali təhsil prosesinin cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, elmi tədqiqat və innovasiyaların inkişafı, ali təhsil sisteminin beynəlmilləşməsi və beynəlxalq rəqabətliliyinin artırılması vəzifələrini aktuallaşdırıb.

 

Hesabat dövrü Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu, Təhsilin İnkişafı Forumu, Azərbaycan Müəllimlərinin XVI Qurultayı və Beynəlxalq Təhsil İmkanları Forumu kimi ali təhsil sahəsində böyük maraq doğuran respublika və beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsi ilə də yadda qaldı. Tədbirlərdə əcnəbi tələbələrin ölkəmizin ali təhsil müəssisələrinə cəlbi, beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası, ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası, innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası, universitet - məktəb işbirliyi modelinin tətbiqi və digər məsələlərin prioritetliyi ön plana çəkilib.

 

Bu baxımdan Mingəçevir Dövlət Universitetində (MDU) bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilib. Dövlətin ali təhsilə yüksək diqqət və qayğısı, Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi, eləcə də yerli və xarici tərəfdaşlarla faydalı işbirliyi, qabaqcıl təcrübələrin tətbiqi və potensialın gücləndirilməsinə hədəflənən kompleks tədbirlər sayəsində MDU-da cari tədris ilinin payız semestri uğurla başa çatıb.

 

Strateji hədəflər, modernləşmə və mövcud potensial

 

Dayanıqlı inkişafa töhfə verən yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək MDU-nun başlıca missiyası olaraq qəbul edilib. Strateji baxış olaraq MDU təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi əsas hədəf kimi müəyyən edib.

 

Cari payız semestrində MDU-da potensialın inkişafı və strateji hədəflərə uyğun modernləşmə istiqamətində fəaliyyətlər davam etdirilib. Müvafiq dövlət qurumlarının, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, eləcə də idarəetmədə səmərəliliyin, çevikliyin, hesabatlılığın və şəffaflığın artırılması bu baxımdan əlverişli mühit təmin edib. Regional ekosistemin drayverinə çevrilməyi hədəfləyən MDU-da əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi, rəqəmsallaşma sahəsində davamlı addımların atılması, təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı, yerli və beynəlxalq tərəfdaşlığın, o cümlədən sənaye ilə işbirliyinin gücləndirilməsi, sosialyönümlü fəaliyyətlərin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb.

 

Kadr potensialının, tədris-metodiki və infrastruktur təminatın məqsədyönlü və davamlı şəkildə gücləndirilməsi istiqamətində görülən işlər cari tədris ilində də universitetdə əmək bazarının mövcud tələblərinə uyğun yeni ixtisasların açılmasına və bu ixtisaslar üzrə kadr hazırlığına başlanılmasına müvafiq şərait yaradıb. Belə ki, 2023/2024-cü tədris ilindən etibarən MDU-da bakalavriat səviyyəsində 4 yeni ixtisas - “Kompüter elmləri”, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)” və “Sosial iş”, magistratura səviyyəsində isə 1 yeni ixtisaslaşma - “Ətraf mühitin mühafizə metodları və bərpası” və 2 MBA proqramı - “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)” və “Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)” üzrə tələbə qəbulu həyata keçirilib.

 

Yeni ixtisasların yaradılması MDU-da tələbə-müəllim kontingentinin genişlənməsinə də müsbət təsirini göstərib. Son 5 tədris ili ərzində tələbələrin sayı 81 faiz, magistrantların sayı 3 dəfə, akademik heyət üzvlərinin sayı isə 28 faizdən çox artıb. Cari tədris ilində MDU-da təhsil alan və təhsil verənlərin say nisbəti təqribən 1:18 təşkil edib.

 

Modernləşmə istiqamətində MDU-da davamlı şəkildə görülən işlər bu ali təhsil müəssisəsinin cəlbediciliyinin artmasına da əhəmiyyətli təsir göstərib. Cari tədris ili üçün universitetin bakalavriat və magistratura səviyyələri üzrə həm tələbə qəbulunda, həm də ixtisas sayında artım müşahidə edilib (şəkil 2). Son 5 tədris ilində MDU-ya tələbə qəbulu bakalavriat səviyyəsi üzrə 2 dəfə, magistratura səviyyəsi üzrə isə 4 dəfədən çox artıb. Qəbul həyata keçirilən ixtisasların sayı bakalavriat səviyəsində 23-dən 31-ə, magistratura səviyyəsində 11-dən 17-ə yüksəlib.

 

Hazırda MDU-da iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat) və 19 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə 4300-dən artıq tələbə və magistrant təhsil alır.

 

Hesabat dövründə dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun tikilməsi istiqamətində müvafiq işlər davam etdirilib. Yaxın gələcəkdə modern infrastruktura malik yeni kampusun istifadəyə verilməsi yeni dövrün universitetinə çevrilmək yolunda MDU-nun qarşıya qoyduğu strateji hədəflərə uyğun fəaliyyəti üçün geniş imkanlar təqdim edəcəkdir.

 

Tədrisdə keyfiyyət və səmərəlilik

 

2023/2024-cü tədris ilinin MDU-da “Keyfiyyət ili” elan edilməsi ilə əlaqədar olaraq həyata keçirilən fəaliyyətlər universitetdə tədrisin səmərəli təşkilinə və keyfiyyətinin daha da yüksəldilməsinə hədəflənib. Ümummilli Liderimizə həsr olunan ilk dərslərlə start verilən cari payız semestrində tədris və təlim-tərbiyə prosesi mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərs prosesində müasir təhsil texnologiyalarının tətbiq edilməsi və akademik heyətin bacarıqlarının artırılması əsas prioritetlər sırasında yer alıb, tədrisin tələbə mərkəzli, nəticəyönümlü və səriştə əsaslı olması istiqamətində davamlı addımlar atılıb.

 

Mövcud imkanların və kadr potensialının səfərbər olunması, ötən dövr ərzində əldə edilmiş müsbət təcrübələr və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş çevik tədbirlər sayəsində MDU hesabat dövründə də tədrisin səmərəli təşkili ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələ bilib. MDU-da akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar ilə ənənəvi olaraq silsiləvi görüşlərin keçirilməsi və digər çevik kommunikasiya alətlərinin tətbiqi cari tədris ilinin payız semestri və qış imtahan sessiyasına hazırlıq səviyyəsinin, eləcə də bütövlükdə tədris prosesinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb.

 

Tədris prosesinin təşkilində səmərəliliyin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsi olaraq MDU-da hər tədris ilinin başlanğıcında “Tyutor xidməti” təlimlərinin keçirilməsinə xüsusi önəm verilir. Hesabat dövründə də sözügedən təlimlərin davam etdirilməsi tyutorların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb.

 

Cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsilalanların və təhsilverənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdən ibarət olur.

 

MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturun yaradılması işləri də uğurla davam etdirilib. 2023-cü ilin dekabrında MDU-da bu ali təhsil müəssisəsinin tərəfdaşı olduğu “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar - GEOCLIC” adlı Erasmus+ layihəsi çərçivəsində yaradılan GEOLAB laboratoriyası istifadəyə verilib.

 

MDU-da 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb. İmtahan sessiyası elm və təhsil nazirinin “2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 15 dekabr 2023-cü il tarixli Əmrinə əsasən təşkil edilib. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə imtahanların şəffaf, obyektiv və mütəşəkkil keçirilməsi məqsədilə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və digər bütün zəruri addımlar atılıb. Həmçinin, imtahan sessiyası müddətində “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Apellyasiya Komissiyası” və “Qaynar xətt” (telefon və e-mail vasitəsilə) fəaliyyət göstərib, rektorun iştirakı ilə “Açıq qapı” günləri keçirilib.

 

Bunlardan əlavə, təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan müvafiq beynəlxalq forum və konfranslarda MDU-nun akademik və inzibati heyət üzvlərinin iştirakı təmin edilib.

 

Elmi fəaliyyətdə müsbət dinamika

 

Akademik heyətin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, elmi tədqiqatların nəticəyönümlüyünün artırılması, tələbələrin və əməkdaşların tədqiqat və innovasiya fəaliyyətlərinin təşviqi istiqamətində tədbirlərin davam etdirilməsi MDU-da hesabat dövründə elmi fəaliyyətin məhsuldarlıq və səmərəlilik göstəricilərinin müsbət dinamikasında öz əksini tapıb.

 

Ötən ildə MDU əməkdaşlarının nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilən əsərlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2023-cü ildə MDU əməkdaşlarının 630-u Azərbaycanda, 196-sı xaricdə olmaqla, ümumilikdə 826 tezis və məqaləsi dərc olunub ki, bu da 2022-ci illə müqayisədə 88 faiz çoxdur.

 

MDU üzrə Web of Science bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin ümumi sayı 34-ə, Scopus bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin ümumi sayı 30-a çatıb. Müqayisə üçün qeyd edək ki, bu məqalələrin müvafiq olaraq 76%-i (26 məqalə) və 87%-i (26 məqalə) 2019-2023-cü illərin payına düşür.

 

Eləcə də, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında MDU-nun gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilib. Hazırda universitetin 21 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında dissertant və doktorantdırlar. 2023-cü ildə universitetin 3 əməkdaşı fəlsəfə doktoru üzrə dissertasiya işini müdafiə edib, 20 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurub və müdafiə ərəfəsindədir, 1 nəfər isə dosent elmi adını alıb. MDU-nun 2 əməkdaşı Türkiyənin Qazi Universitetində və Ankara Hacı Bayram Veli Universitetində doktorantura təhsillərini davam etdirir.

 

MDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin elmi əsaslarla  öyrənilməsi və təbliğinə prioritet əhəmiyyət verilir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da müxtəlif formatlı elmi tədbirlər həyata keçirilib. Ümumilikdə, ötən il MDU-da Ulu Öndərə həsr olunan 1-i respublika, 3-ü beynəlxalq olmaqla 20 elmi konfrans, 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” və 5 mühazirə təşkil edilib. 2023-cü ilin mayında “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda MDU-da keçirilən respublika elmi konfransının materialları kitab şəklində dərc olunub.

 

Bununla yanaşı, payız semestrində MDU Türkiyənin Səlcuq Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə tərəfdaşlıq edib. Həmçinin, MDU və Qazi Universiteti arasında işbirliyi çərçivəsində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığı paneli, MDU, Qazi Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunmuş “İnformasiya təhlükəsizliyi və kibermüdafiə: qlobal tendensiyalar və strategiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. 

 

2023-cü ilin 8-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərib.

 

Habelə, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr olunan, o cümlədən Anım Günü, Zəfər Günü, Müstəqilliyin Bərpası Günü, Konstitusiya Günü, Energetiklər Günü, Mingəçevir şəhərinin 75 illiyi və akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyi münasibətilə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilib. Bundan əlavə, MDU əməkdaşları tərəfdaş yerli və xarici universitetlərdə təşkil edilən beynəlxalq elmi konfranslarda fəal təmsil olunublar.

 

(Ardı var)

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru