Prezident təqaüdçüsü İslam Məmmədov 30 yanvar 2006-cı ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyi bitirib. Məktəb illərində riyaziyyat, fizika və ingilis dili fənlərinə xüsusi maraq göstərib. Proqramlaşdırma, kodlaşdırma sahəsini dərindən öyrənməyə çalışıb. SAF 2021 Beynəlxalq STEAM Azərbaycan Festivalında “Hackathon” kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.
İslam Məmmədov 2023-cü ildə qəbul imtahanlarında 679,4 bal toplayaraq Azərbaycan-Fransız Universitetinin (UFAZ) kompüter elmləri ixtisasına qəbul olub və Prezident təqaüdçüsü adı qazanıb. Hazırda birinci kursda əla qiymətlərlə təhsil almaqdadır və uğurlu Azərbaycan gənci olaraq bildirir: “Prezident təqaüdünə layiq görülmüş tələbələr sırasında olmaq həqiqətən də qürurverici hissdir. Həmin siyahıda olduğumdan xəbər tutanda, əlbəttə, hədsiz sevindim. Əziyyətimizin layiqincə qiymətləndirilməsi gənclərə göstərilən diqqət və qayğının bir nümunəsidir.Yüksək bal toplayan şagirdlərin biliyini qiymətləndirərək onlara əlavə təqaüd təyin etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, bu nailiyyəti qazanmaqda mənə dəstək olan bütün müəllimlərə və valideynlərimə təşəkkürümü bildirirəm.Vurğulamaq istərdim ki, gələcək nailiyyətlərimə gedən yolda bu, mənim üçün böyük bir stimul olacaq.Prezident təqaüdü təhsildə fərqlənən tələbələrə dövlət tərəfindən göstərilən həm maddi, həm də mənəvi dəstəkdir. Bu baxımdan, biz gənclər də öz üzərimizdə durmadan çalışmalıyıq, bizə yaradılan gözəl imkan sayəsində ölkəmizin gələcək inkişafına töhfəmizi verməliyik. Mənim gələcək hədəfim ali məktəbi fərqlənmə ilə bitirib Dövlət Proqramı çərçivəsində xaricdə magistr təhsili almaq, proqramlaşdırma üzrə şirkət yaratmaqdan ibarətdir”.
“Hədəfim Dövlət Proqramı vasitəsilə təhsilimi xaricdə davam etdirməkdir”
“Heydər Əliyev adına təqaüd”ə layiq görülən Zəhra Quliyeva 4 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyi bitirib. Məktəb illərində riyaziyyatla yanaşı digər texniki fənlərə maraq göstərib.
2019-cu ildə qəbul imtahanlarında 666,7 bal toplayaraq Bakı Mühəndislik Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olan Zəhra həmin il universitet üzrə ən yüksək bal topladığı üçün “Universitet birincisi” adına,eyni zamanda yüksək balla müəllimlik ixtisasını seçdiyi üçün “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Tələbəlik illərində də Zəhra fəallığı ilə seçilib. 2022-ci ildə ARTİ-nin təşkil etdiyi “Mathcamp 2022” riyaziyyat düşərgəsində, 2023-cü ildə “Heydər Əliyev İli”nə həsr olunmuş Statistika olimpiadasında uğurla iştirak edib, Bakı Ali Neft Məktəbində “BHOS Math Club”un təşkil etdiyi riyaziyyat yarışında qatıldığı komanda ilə birlikdə 2-ci yeri qazanıb.
2023-cü il dekabrın 16-da Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında “Heydər Əliyev adına təqaüd”ün təqdim olunması Zəhra Quliyeva üçün ən sevindirici və qürurverici hadisə olub: “Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı Sərəncamı ölkə gənclərinə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu təqaüdə layiq görülən 100 tələbədən biri olaraq deməliyəm ki, ölkə başçımızın bu təşəbbüsü biz tələbələri olduqca ruhlandırır, təhsilə olan marağımızı artırır.Biz gənclər dövlətin yaratdığı bu cür imkanları daim yüksək qiymətləndiririk. Əminəm ki, bu təşəbbüs gənclərin parlaq gələcəyi üçün atılan mühüm bir addımdır. Bütün bu məqamlar Azərbaycan gəncliyinin gələcəyinə olan inamı daha da artırır. Tələbələr üçün belə bir imkan yaratdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. “Heydər Əliyev adına təqaüd” motivasiyamızın artması baxımından önəm daşıyır və biz tələbələrin gələcək karyeraları baxımından da mühüm rol oynayır. Mənim gələcək hədəfim dövlətimizin gənclər üçün yaratdığı növbəti imkanlardan biri olan Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alıb ölkəmizdə müəllim kimi fəaliyyətimi davam etdirməkdir”.
Lamiyə ƏLİMƏRDANOVA