Birinci plenar sessiya “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusuna həsr olunub
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusunda birinci plenar sessiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov moderatorluq ediblər.
Sessiyanın mövzusunun aktuallığından danışan moderatorlar qeyd ediblər ki, müasir dünyada insan fəaliyyətinin bütün istiqamətlərdə çox sürətlə inkişaf etməsi bir çox peşələrə gələcəkdə nə dərəcədə ehtiyac olub-olmaması məsələsini aktuallaşdırır. Bu çağırış müasir təhsil sisteminin insanlara fayda verməsini, onun işlə təmin olunma istiqamətində qurulmasını tələb edir. Odur ki, panel sessiyanın mövzusu müvafiq problemlərin həllinə dair fikir mübadiləsi aparmağa kömək edir və gələcək əməkdaşlıq əlaqələrinin qurulması üçün önəm daşıyır.
Plenar sessiyada ən yaxşı təhsil sistemlərinin müxtəlif zamanlar üçün hazırlandığı nəzərə alınmaqla pedaqogikada müasir dövr üçün zəruri olan dəyişiklikləri sürətləndirmək, əmək bazarında iş tapmaq məqsədilə daha hazırlıqlı olmağa kömək edə biləcək işləri necə proqnozlaşdırmaq, təhsili sülh naminə necə səfərbər etmək, müstəqil öyrənmənin və ömürboyu öyrənmənin nə üçün hələ də az müraciət olunan fəaliyyət hesab olunması və digər məsələlər müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu mötəbər tədbirə çevrildiyini deyib. Vurğulayıb ki, hələ 15 il əvvəl Prezident İlham Əliyev ölkənin əsas siyasi kursunun ifadəsi kimi "Neft kapitalını insan kapitalına çevirməliyik" strategiyasını irəli sürüb. Müasir şəraitdə intellektual insan potensialının inkişafı Azərbaycan üçün təkcə elmi aspektdən deyil, bütövlükdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhsil və elm qarşısında duran vəzifələrdən danışan akademik vurğulayıb ki, elm hər zaman bəşəriyyətin qarşısında yeni tədqiqat istiqamətləri açır. Əgər XX əsri fizika əsri adlandırılırdısa, alimlər yekdilliklə güman edirlər ki, XXI əsr biologiya əsri olacaq. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflərin nəticələri möhtəşəmdir. Bununla yanaşı, energetika, kimya istiqamətləri də inkişaf edir. Eyni zamanda, cəmiyyətin humanitar tədqiqatlardan gözləntisi çoxdur. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün mədəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib. Bu baxımdan çox yüksək inkişaf etmiş dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb.
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri xanım İnqa Ronda Kinq hazırda dünyanın böhranla, təbii fəlakətlərlə üzləşdiyini, bir çox ölkələrdə insanların humanitar yardıma ehtiyacı olduğunu deyib. Vurğulayıb ki, Bakıda keçirilən Forumun mövzusu 2030-cu ilə qədər Dayanıqlı İnkişafın Məqsədləri ilə səsləşir. Təhsil insanın əsas hüququdur və inkişafa səsləyir. Dünyada 260 milyon uşaq, təəssüf ki, hələ də ibtidai məktəbə getmir. Bunun qarşısı alınmasa 2030-cu ilədək bu göstərici 800 milyona çata bilər. Ayrı-ayrı ölkələrdə uşaqların təhsil almamasının səbəbləri, o cümlədən münaqişələr, yoxsulluq və digər xoşagəlməz hallar aradan qaldırılmalıdır. Habelə təhsildə keyfiyyət təmin edilməli və keyfiyyətli təhsil hamını, o cümlədən cəmiyyətin həssas təbəqələrini əhatə etməlidir. Bu, gələcəkdə yoxsulluğun azaldılmasına da kömək edəcək.
Təhsil naziri Ceyhun Bayramov ölkə rəhbərliyinin təhsilin və elmin inkişafına xüsusi diqqət yetirməsindən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən danışıb. Təhsil sahəsində aparılan islahatlardan söz açan nazir beynəlxalq araşdırmalarda 2011-ci illə müqayisədə savadlılıq səviyyəsinin yüksəldiyini bildirib. O, islahatlar zamanı ali təhsilə, peşə təhsilinə, təhsil infrastrukturu ilə bazar infrastrukturunun əlaqələndirilməsinə diqqət yetirildiyini, istedadlı uşaqların dəstəkləndiyini, ölkədə hər kəs üçün eyni dərəcədə təhsil imkanları yaradıldığını vurğulayıb.
Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin direktoru Fərhan Nizami çıxışında təhsilə sərf edilən xərclərin düzgün istiqamətlərdə olmasının önəmini vurğulayıb, bunun ümumi inkişafa kömək edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, təhsil siyasəti yerli iqtisadiyyatı əhatə etməlidir, eləcə də yerli səviyyədə savadı olan insanlar diqqətdən kənarda qalmamalıdır. İstedadların inkişafına diqqət yetirilməsə, insanlarda özünüqiymətləndirmə azalar və bu, tədric olunmuş cəmiyyətin formalaşmasına səbəb ola bilər. Hər hansı inkişafdan söz düşərkən, onun əsasında təhsil meyarının dayandığı aşkar olur. Odur ki, təhsil sistemində ölkənin, cəmiyyətin inkişafı mütləq nəzərə alınmalıdır.
Küveyt Əmirinin Divanında müşavir, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin xüsusi müşaviri Abdullah Alma’tuk rəhbəri olduğu qurumun çoxşaxəli fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Vurğulayıb ki, təhsil sahəsində xeyriyyəçiliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həmçinin elm və təhsil istiqamətlərində gənclərin könüllü proqramlarda iştirakını genişləndirməyə şərait yaratmaq lazımdır. Könüllü fəaliyyət sayəsində cəmiyyət inkişaf edir. Abdullah Alma’tuk, həmçinin Küveytdə keçirilən xeyriyyəçilik tədbirləri barədə danışıb.
Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov dünyada inkişafın əsas müəllifinin insan olduğunu qeyd edərək, bu baxımdan təhsilə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Diqqətə çatdırıb ki, müasir texnologiyalar şəraitində bu təhsili daha səmərəli etmək olar. Təhsil siyasəti əvvəlcədən ölçülüb-biçilmiş məqamları əhatə etməlidir. Bu gün qlobal problemlər bütün ölkələrə bu və ya digər dərəcədə təsir göstərir. Dövlətin müasir həyatla ayaqlaşa bilən təhsil sistemi yaratmasının vacibliyini deyən Sergey Neverov bununla bağlı Rusiyanın müsbət təcrübəsini bölüşüb.
MDB İcraiyyə Komitəsinin sədr müavini Aqybay Smaqulov insan kapitalının istənilən ölkə üçün mühüm sərvət olduğunu deyib. Yaradıldığı vaxtdan bəri MDB-nin təhsilə xüsusi fikir verdiyini deyən Aqybay Smaqulov bu sahədə tələbə mübadiləsini, imzalanmış sənədləri, qarşılıqlı diplomun tanınmasını diqqətə çatdırıb, inklüziv tədris sistemi təcrübəsini qeyd edib.
Çıxışlarda VI Bakı Beynəlxalq Humanitar Forumunun müasir cəmiyyətin aktual mövzularını müzakirə etmək baxımından çox gözəl məkan olduğu, tədbirin yüksək səviyyədə təşkil edildiyi vurğulanıb və bununla bağlı Azərbaycan hökumətinə dərin təşəkkür ifadə edilib.