Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Arıçılıq Tədris Mərkəzində keçirilən “Arıçılıq məhsullarının istehsal texnologiyası” adlı iki həftəlik təlim proqramı başa çatıb.

 

Ali məktəbdən bildirilib ki, 14 gün davam edən təlim proqramında Arıçılıq Tədris Mərkəzinin rəhbəri İsa İsrafilov təlim iştirakçıları ilə öz bilik və təcrübələrini bölüşüb. Təlim proqramı çərçivəsində iştirakçılara arıçılığın mövcud vəziyyəti, arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə, profilaktika tədbirləri, arıların bəslənməsi və onlara düzgün qulluq qaydaları barədə məlumat verilib. Təlim günləri ərzində məruzələrdən sonra arıçılarla geniş diskussiyaya yer ayrılıb, onların sualları ətraflı cavablandırılıb.


Təlimin bağlanış mərasimində çıxış edən universitetin rektoru Zəfər Qurbanov bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, təcrübə qazanan, nəzəri biliklərini inkişaf etdirən arıçılar işğaldan azad olunan ərazilərimizdə, xüsusilə də Kəlbəcər rayonunda bu sahənin inkişafında əhəmiyyətli rol oynayacaqlar.


Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.