Böyük Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel Ağabəyli: “Gələcəyin zavodları üçün yeni sistem dizaynı üzərində çalışıram”


Tanıtım. Günel Bəhram qızı Ağabəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Nizami Nərimanov adma 248 nömrəli tam orta məktəbi və eyni ildə L.M.Rostropoviçlər adma 21 nömrəli 11 illik musiqi məktəbini bitirib. 2013-cü ildə M.V.Lomonosov adma Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi kimya fakültəsində təhsilini başa vurub. Təhsil aldığı müddətdə bir çox yay təcrübə proqramlarında və konfranslarda iştirak edib. 2012-ci ildə ilk elmi tezisi “Kimya və kimya texnologiyaları: yeniliklər və perspektivlər” konfransında dərc olunub. 2012-2015-ci illərdə akademik Yusif Məmmədəliyev adma Kimya Prosesləri İnstitutunda elmi işçi vəzifəsində və Xəzər Mühəndisliyi Birliyində könüllü kimi fəaliyyət göstərib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə Böyük Britaniyanın Birmingem Universitetində kimya mühəndisliyi üzrə magistr təhsili alıb. 2016- cı ildə universitetin mühəndis tələbəsi kimi “Shell 360” ideya yarışmasının yanmfinalçısı olub. Təhsilini başa vurduqdan sonra vətənə qayıdıb və 2016-cı ilin noyabrından Bakı Mühəndislik Universitetinin kimya kafedrasında tədqiqat köməkçisi və tədris məsləhətçisi kimi fəaliyyət göstərməyə başlayıb.

 

2017-ci ildə kafedra rəhbəri Yusif Abdullayevin rəhbərliyi ilə BMU-da yerləşən Texnoparkın təşkil etdiyi “Yeni Fikir 2017” və Azərbaycanda ilk dəfə keçirilən “Climate Launchpad 2017”nin Azərbaycan üzrə qaliblərindən biri olub. Həmin ilin oktyabr ayında Cənubi Kiprdə keçirilən Qlobal Dünya finalında çıxış edib. Azərbaycan komandası 964 ideyanın təqdim olunduğu final müsabiqəsində 35 ölkədən 105 startup arasında ən yaxşı 15 startupdan biri olub. 2017-ci ilin iyul ayından elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Edinburq Universitetinin “Eneıji sistemləri “ bölümünün doktoranturasına qəbul olaraq tam təqaüdə layiq görülüb.2017-ci ildən həmin bölümdə seminar və laboratoriya dərsləri üzrə müəllimlik edir, bölümüm həm də tələbə gənclər təşkilatının rəhbəridir.

 

Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfiızlu universitetlərindən gələn xoş sorağı hər birimiz üçün sevindiricidir. Reytinqli universitetlərdə təhsil alan və akademik fəaliyyətlər göstərən, elmi tədqiqatları ilə uğurlu layihələrə imza atan gənclərimiz öz potensial imkanları ilə diqqət çəkir. Onlardan biri də haqqında bəhs etmək istədiyimiz Böyük Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel Ağabəylidir. Günel Şotlandiyanın bu nüfuzlu universitetində doktorantura təhsili alır, həm müəllimlik edir, həm də layihə rəhbəridir. Gəlin Güneli daha yaxından tanıyaq.

 

“Məni 3-cü sinifdən 5-ci sinfə keçirmək istəyirdilər”

 

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Gələcəkdə hansı peşəyə yiyələnmək, hansı ixtisası seçmək barədə düşünürdünüz?

- Məktəb illərində xüsusi diqqət ayırdığım hər hansı bir fənn olmayıb. Bütün fənləri eyni dərəcədə sevib oxumuşam. Amma texniki fənlərə, xüsusən də riyaziyyat fənninə daha çox vaxt ayırmağa çalışırdım. Hətta, xatırlayıram ki, ibtidai sinifdə oxuyarkən, xüsusi riyaziyyat savadıma görə məni 3-cü sinifdən 5-ci sinfə keçirmək istəyirdilər. Əfsuslar olsun ki, ibtidai sinif müəllimim Tamella xanıma olan sevgimə görə təhsilimi öz sinfimdə başa vurmalı oldum. Xatırlayıram, riyaziyyat müəllimim İradə Marifovna kitabı vaxtından əvvəl oxuyub bitirdiyimə görə mənə həmişə yuxarı siniflərdən əlavə tapşırıqlar verərdi. Kimya və fizika fənlərini keçməyə başladıqdan sonra bu marağım texniki fənlərə daha da artdı. Amma buna baxmayaraq, 10-cu sinfə kimi hər ixtisası demək olar ki, nəzərdən keçirmişdim. VIII sinifdə hüquqşünas, daha sonra həkim olmağı belə arzulayırdım. Amma seçimimi kimya ixtisasında saxladım. Anamın dediyinə görə, uşaqlıqdan kimya ilə bağlı uşaqlar üçün çoxsaylı verilişləri izləyirmişəm. Demək ki, seçimimi uşaq yaşlarından etmişəm.

 

“Arzum İngiltərədə təhsil almaq olub”

 

-  Necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz? Xaricdə təhsilin hansı üstünlükləri sizi cəlb etdi?

-  Qeyd etdiyim kimi, bakalavr təhsilimi M.V.Lomonosov adma Moskva Dövlət Universitetinin Bakı filialında almışam. Bakı filialında oxuduğum zaman ali məktəbin giriş qapısından içəri girdiyimizdə hər bir tələbə sanki portal vasitəsilə xaricə keçid edirdi. Buna baxmayaraq, hələ məktəb illərindən arzum İngiltərədə təhsil almaq olub. O zamanlar müəllifi Verşagina olan ingilis dili kitabları var idi. Mən də məktəbdə seçmə sinifdə oxuduğum üçün bizə o kitabla ingilis dili tədris olunardı. Çox savadlı və sevimli ingilis dili müəllimim Elmira Mütəllimova bizə hətta əlavə dərslər keçər, maraqlı intellektual oyunlar ilə ingilis dilinə maraq oyadardı. Bu da məndə İngiltərəyə, onun tarixinə və oradakı təhsilə maraq oyatmışdı. Hələ ibtidai sinifdən valideynlərimə deyərmişəm ki, bir gün “Big Ben” (Londondakı qülləli saat) yerləşdiyi ölkədə təhsil alacağam. Xaricdə təhsilin üstünlükləri, ələlxüsus da, mühəndislik sahəsində daha çoxdur. Burada ən son yeniliklərdən xəbər tutmaq olur və gündəmdə olan problemlərin həllinə yönələn layihələrdə iştirak etmək imkanı qazanmış olursan.

 

“Üzərimdə daha çox məsuliyyət hiss edirəm”

 

-  Hazırkı ali təhsil həyatınız barədə məlumat verərdiniz. Hansı ixtisas üzrə təhsil alır və hansı mövzularda tədqiqatlar aparırsınız?

- Hazırda Edinburq Universitetində “Elektronika və elektrik” mühəndisliyi üzrə doktorantura təhsili alıram. Əslində bu proqram kimya mühəndisliyi ilə birləşmiş bir proqramdır. Mənim tədqiqat mövzum bərpa olunan enerji mənbələrindən (külək və Günəş) alman enerjinin ən effektiv yolla saxlanılması və yeni proseslərə tətbiqindən ibarətdir. Hazırda bütün dünyada mühəndislərin və şirkətlərin düşündüyü qlobal problemlərdən biri enerjinin effektiv saxlanılmasıdır. Çünki bildiyiniz kimi, Günəş və külək enerjisi hər fəsildə eyni miqdarda əldə edilmir. Bəzən küləyin gücü həddindən artıq olub ölkə enerjisinin yarısından çoxunu ödəyə bilir. Məsələn, Danimarkaya baxsaq, görərik ki, bu ölkə enerji tələbatının 50 faizini məhz külək və Günəş enerjisi ilə ödəyir. İngiltərə özü demək olar ki, bu enerji növünə tələbatının 18-25 faizini (rəqəm 2030-cu ilə kimi qalxacaq) bu eneıji mənbələri ilə ödəyir. Bu sıralamaya İspaniyanı, Portuqaliyanı və İsveçi də əlavə etmək olar. Bəs, bu enerji mənbələrinin enerjisinin daimi olmayıb hava şəraitindən asılı olduğunu nəzərə alsaq, onda ölkənin tələbatı bərpa olunan enerji növündən necə asılı ola bilər ?

Məhz bu səbəbdən Avropada enerjinin effektiv saxlanılması və yenidən, lazım gəldikdə, istifadəsi üzrə tədqiqatlara ayrılan qrantlar digər qrantlardan 2 dəfə artıqdır. Mənim tədqiqat mövzum da bu problemin həlli yoluna, ən əsas da enerjinin saxlanılıb başqa bir qlobal problem olan karbon qazının azaldılması prosesinə yönəlib. Daha dəqiq desək, gələcəyin zavodları üçün yeni sistem dizaynı üzərində çalışıram. Bu dizayn özündə sistemin araşdırılması, prosesin simulyasiyası və optimallasdırılmasım cəmləşdirir. Artıq 2-ci kurs tələbəsi olaraq üzərimdə daha çox məsuliyyət hiss edirəm.

 

“Tələbələrin üzərində ciddi nəzarət olur”

 

- Edinburqun təhsil və elmi mühiti barədə nə deyə bilərsiniz?

-  Artıq ikinci təhsilini İngiltərədə alan bir tələbə kimi deyə bilərəm ki, buradakı təhsil və elmi mühit digər Avropa ölkələrindən fərqlənir. Edinburq Universiteti Şotlandiyanın qədim və öndə gedən universitetidir. 2018-ci il QS reytinqinə görə dünya universitetləri arasında 18-ci yerdədir. Bu universitetin mühəndislik kafedrasında həyat tamam başqadır. Edinburq Universiteti ölkənin ən qədim ali məktəbi olduğu üçün burada ayrıca kafedralar yoxdur. Onun əvəzinə 7 mühəndislik institutu var ki, hər birində də hər sahədən olan mühəndislər cəmləşiblər. Mənim aid olduğum institut Enerji Sistemləri bölümüdür. Bu institut digər mühəndislik institutlarından həm müəllim, həm də doktorant tələbə sayma görə fərqlənir (nisbətdə daha çoxuq). Bundan əlavə, xırda klublar var ki, orada tələbələr artıq tədqiqat sahəsinə görə cəmləşir. Məsələn, külək enerjisi, eneıji ehtiyatı və ya karbon ehtiyatı kimi kiçik tədqiqat klubları vardır. Mən həm enerji ehtiyatı, həm də karbon ehtiyatı klubuna daxiləm. Ayda bir dəfə klubların toplantıları olur. Kluba həm müəllim, həm də tələbələr cəmləşir. Hər ayda kluba və instituta təzə qoşulmuş doktorant tələbələr özlərinin təqdimatlarını edirlər. Digər tələbələr isə öz işlərindəki yeniliklərdən xəbər verirlər. Belə görüşmələr tələbələrdə həm çıxış etmə bacarığını artırır, həm də onlara müəllim heyətindən yeni fikir alıb işlərinə tamam başqa bucaq altında baxmağa şərait yaradır. Bundan başqa, hər mühəndislik institutunun özünün seminarlar təşkil edən komandası olur. Bu komandaların hamısının təşkilatçısı da məhz tələbələr özləri olurlar. Məsələn, mənim rəhbərlik etdiyim tələbə gənclər təşkilatı kimi.

Edinburq Universitetində ən çox sevdiyim hallardan biri də odur ki, heç kəs öz postunda daimi deyil və vaxtdan asılı olaraq daim dəyişir. Məsələn, seminar komandası öz vəzifəsini gələn il üçün yeni qoşulan doktorantlara təhvil verib növbəti il üçün başqa vəzifələr götürəcək. Beləliklə, təhsil aldığı 3-4 il ərzində hər tələbə özünü müxtəlif sahələrdə yoxlayıb daha çox bacarıq əldə edir. Bu, həm də müəllim heyətinə aiddir. Bundan əlavə, doktorantların hər uğuru qiymətləndirilib universitet jurnalında paylaşılır. Tələbələrin üzərində ciddi nəzarət olur. Bunun ən yaxşı göstəricisi ali məktəbə qəbul olduqdan bitirənə kimi təhvil verməli olduğumuz hesabatlardır.

Hər bir doktorant ilk təhsilə başladığı 2 ay ərzində (10 həftə ərzində) artıq bir il üçün hansı araşdırmanı edəcəyi haqqında məlumat verməlidir. Bu, bir az hər tələbəyə asan başa gəlmir. Çünki əgər layihə haqqında əvvəldən məlumatın varsa, nə edəcəyini əvvəldən düşünmüş tələbə bunu asanlıqla təhvil verir. Xeyr, əgər yeni mövzu seçmişsizsə, onda həmin 2 ay sizin üçün az da ola bilər. Bundan başqa, 6 aylıq, 1 illik, 2 illik, 3 illik hesabatlar məcburi sayılır. Beləliklə, hər bir müddətdən bir tələbənin aktivliyi yoxlanılır və müəllim heyəti tərəfindən məsləhətlər verilir. 3 illik hesabata əsasən tələbə təhsilini 3 ildə bitirə və ya 4-cü ilinə başlayıb daha çox eksperiment apara da bilər. Doktorantlara münasibət tamam başqadır. Bakalavriat və magistrantlardan fərqli olaraq, doktorant tələbələr daha çox universitetin akademik heyətinə cəlb edilir və daha çox faydalanma şansı olur. Sadəcə, bu şansların hamısından zamanında yararlanmaq lazımdır.

 

“Ən çox qrantları mühəndislik bölümləri qazanır”

 

- Sizi Britaniyada daha çox nə cəlb edir: yüksək akademik biliklər, yoxsa tədqiqatlar üçün geniş imkanlar?

- Hər ikisi desəm, daha düzgün olar. Amma tədqiqata ayrılan imkanlar daha çoxdur. Zəif cəhəti odur ki, bu qrantlar daha çox İngiltərə və Avropa vətəndaşları üçün nəzərdə tutulur. Xarici tələbə olub və burada doktorantura təhsili imkanı qazanmaq çox çətindir. Düşünün ki, dünyanın hardasa 234 ölkəsi var, Avropa Birliyinə daxil olan və bəzi zəif inkişaf etmiş ölkələri çıxsaq, o zaman təqribən 150 ölkədən olan müxtəlif sayda müraciət edən əcnəbi tələbələrlə bir yer üstündə mübarizə aparırsan. Bu mübarizədə qalib olmaq artıq yolun 20 faizidir. İngiltərə universitetlərində ən çox qrantları mühəndislik bölümləri qazanır. Çünki böyük şirkətlər universitetlərə yatırımlar edib tədqiqat sahəsi açır və qəbul almış tələbələri ya universitetlərdə, ya da şirkətlərdə doktorantura təhsilinə cəlb edirlər.

 

“Özüm özümü motivasiya etməyi öyrənmişəm”

 

-Çətin situasiyalarda özünüzü necə motivasiya edirsiniz? Məsələn, sizin universitetin professoru Xiqs çətin durumlarda Edinburq dağlarına gəzintiyə çıxardı. Alim ona Nobel mükafatı qazandırmış məşhur kəşfini də növbəti gəzintidən sonra həyata keçirmişdi.

 

-     Bu sual Edinburq Universitetinin mühəndislik bölümünə yeni qəbul olunmuş və universitet tərəfindən keçirilən 3 günlük düşərgədə iştirak edən hər bir tələbəyə müəllim kollektivi tərəfindən verilir. Tələbənin mənəvi durumuna, emosiyalarına önəm verilir. Mən də bu düşərgədə 2018-ci ilin may ayında iştirak etdim. Hər tələbə müxtəlif cavablar verirdi. Mənim cavabım isə belə oldu: “Məktəbdə oxuyarkən motivasiya mənbəyim anam idi. O, hər an həm mənim, həm də qardaşlarımın yanında olur, hər uğur və ya uğursuzluğumuzdan sonra bizə dəstək verirdi. İllər keçdi, böyüdüm. Yenə də anam mənim əsas motivasiya mənbəyimdir. Amma indi həm də özüm özümü motivasiya etməyi öyrənmişəm. Çətinliyə düşəndə öz-özümə deyirəm ki, zirvələr həmişə çətinliklərdən, uçurumlar isə asan yumurlanmaqdan ibarətdir. Seçim etmək sənin əlindədir. İndiyədək gəldiyin yola və qazandığın uğurlarına bax və ona irəliləməkdə özünə güc ver. Çünki məyusluq seçim yolu deyil”. Həftə sonları mən də “Calton Hili” və “Artur seaf’e çıxıb oradan mənzərəni izləyib düşünməyi sevirəm. Ən əsas da “Calton Hill”in sakit və hüzurverici ab-havası insanı əsl yeni kəşflərə həvəsləndirir.

 

Yaxın gələcəkdə hansı kəşflərə imza atacağınızı düşünürsünüz?

- Birinci düşündüyüm hədəf doktorantura təhsilimi uğurla başa vurmağımdır. Əlbəttə, hər bir doktorantura tələbəsi kimi mən də öz sahəmdə yeniliklərə imza atmaq istəyirəm. Ümidvaram ki, yaxın gələcəkdə buna tezliklə nail olaram.

 

“Tələbələri ancaq dərslə yükləmək düzgün deyil”

 

 

-  Britaniyadan baxdıqda təhsil sistemimizdə baş verən dəyişiklikləri necə qiymətləndirərdiniz? Universitetlərimizdə nələri görmək istərdiniz?

-  Ölkəmizdə son 10 ildə təhsil sahəsində çox dəyişikliklər baş vermişdir. Bizim ali məktəblərdə tələbə həyatı bir az maraqsız keçir. Tələbələri ancaq dərslə yükləmək düzgün deyil. Məsələn, hər bölüm üzrə müəllimlərin rəhbərliyi altında layihələr işlənib xarici qrantlara müraciət oluna bilər. Bunun sayəsində də tələbələrimizin xaricə çıxışları olar və gənc yaşlarından artıq akademik məqalənin necə yazılmalı olduğunu öyrənərlər. Daha sonra xırda və maraqlı klublar yaratmaq olar. Hansı ki ayda bir dəfə görüşüb hər hansı bir məqaləyə müraciət etsinlər. Bu yolla tələbələr bir-birlərini gündəmdə olan tədqiqatlar barədə xəbərdar edərlər. Bu cür müzakirələr həm də gələcəkdə yeni kəşflərə aparan yolun başlanğıcı ola bilər.

 

“Hər mümkünsüz iş çox çalışdığın halda mümkündür”

 

 

- Bir gənc olaraq həmyaşıdlarınıza həyatda uğurlu olmaq üçün hansı tövsiyələriniz var...

- Həmyaşıdlarıma tövsiyəm o olardı ki, həmişə qarşılarına bir məqsəd qoysunlar və o məqsədə doğru hər gün ən azı bir addım atsınlar. Məsələn, arzu xaricdə oxumaqdırsa, bu arzuya çatmaq üçün hər gününüzün ən azı bir saatını bu sahəyə ayırmalısan. Bunu edə bilmirsənsə, demək, bu, sənin həyat hədəfin deyil. İkinci əsas məsləhət- seçdikləri yolda başqalarının mənfi fikirlərinə fikir verməsinlər. Bu məsləhəti bütün tələbələrimə verirəm. Çünki çox zaman onlardan “müəllim, bəlkə biz seçilmədik”, “müəllim, axı o yerə 1000 nəfər sənəd verir, bizim şansımız azdır” kimi özlərinə güvənsizlik kəlmələri eşidirəm. Birincisi, özlərində güvənsizliyi məhv etməli, daha sonra isə arzuya çalmağa yönəlməlidirlər. Həyatda insanın nail ola bilməyəcəyi heç nə yoxdur. Moskva Dövlət Universitetindən rusiyalı professorlardan biri olan P.Zlomanov həmişə deyərdi ki, “Hər mümkünsüz iş belə çox istənildiyində və çox çalışdığın halda mümkündür”.

 

-  Mütaliəyə münasibətiniz? Hansı mövzuda kitab oxumağa həvəslisiniz?

-  Kitab oxumağı çox sevirəm. Vaxt tapan kimi kitab oxumağa çalışıram. Oxuduğum kateqoriya özündə dedektiv, psixologiya və fəlsəfəyə aid kitabları cəmləşdirir. Hazırda Amerika yazıçısı Den Braunun “Origin” əsərini oxuyuram.

 

-   Gələcək planlarınız və arzularınız.

-   Doktorantura təhsilimi uğurla başa vurub akademik təcrübəmi ixtisasım üzrə daha da artırmaq əsas arzularımdan biridir.

 

Oruc MUSTAFAYEV