Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib. Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib.
Silsilə şəklində baş tutan seminarlarda Mərkəzi Seçki Komissiyasının şöbə müdirləri, üzvləri, dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
MSK nümayəndələri tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Maarifləndirici seminarlarda 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar seçkidə səsvermə hüququna malik 2000-ə yaxın AzMİU tələbəsi iştirak edib.