Naxçıvan Dövlət Universitetində (NDU) “2023-cü il- Heydər Əliyev İli”nin yekunlarına dair hesabat tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə universitetdə təsdiqlənmiş tədbirlər planının uğurla həyata keçirildiyini bildirib. Rektor universitetin müxtəlif strukturları, tələbə təşkilatları və əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq konfranslara, aktual mözvulara həsr olunan elmi müzakirələri, kitab təqdimatı və idman yarışlarını, müsabiqələri, olimpiadaları, 800 nəfərin iştirak etdiyi fləşmobu və müxtəlif layihələri əhatə edən, ümumilikdə 200-dən çox tədbirin keçirildiyini diqqətə çatdırıb.

 

E.İsayev görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyini, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib.

 

Vurğulayıb ki, yubiley ilində universitetin “Yeni fikir” qəzetinin Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif sahələri üzrə araşdırmalarla zəngin olan xüsusi buraxılışı dərc olunub. Rektor qeyd edib ki, universitetin 3 tələbəsi Ulu Öndərin adına  təsis edilən təqaüdə layiq görülüb.

 

E.İsayev Qərbi Azərbaycana qayıdış festival-konqresi, universitetin incəsənət fakültəsi və Musiqi kollecinin birgə ərsəyə gətirdiyi Simfonik orkestrin Bakıda və Türkiyədə uğurlu konsert proqramı ilə çıxış etməsini yubiley ilinə ən mühüm töhfə olaraq dəyərləndirib.

 

YAP Universitet Ərazi Partiya Təşkilatının sədri, universitetin sosial və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev Tədbirlər Planının icrası istiqamətində görülən işləri statistik rəqəmlərlə və slaydlarla təqdim edib.

 

Qeyd olunub ki, il ərzində 21 beynəlxalq və respublika səviyyəli konfrans keçirilib, 3 kitab çap olunub, Elmi əsərlər jurnalının və “Yeni fikir” qəzetinin xüsusi nömrəsi işıq üzü görüb, 38 açıq dərs keçirilib, universitet televiziyası tərəfindən 24 film hazırlanıb, professor-müəllim heyətinin 152 sayda KİV-də məqaləsi dərc edilib. 70 əməkdaşın 82 elmi məqaləsi nəşr olunub. Həmçinin, ümumilikdə 35 sayda sərgi, tamaşa, konsert, müsabiqə keçirilib. Universitet televiziyasının hazırladığı filmlər, Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən dərslər, dəyirmi masalar yubiley ili çərçivəsində keçirilən tədbirlər sırasında qeyd edilib.