Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

 

Əvvəlcə BDU-nun əsaslı təmir olunmuş 2 saylı tədris korpusunda yerləşən “Zəfər tarixi” lektoriyasında İctimai Nəzarət Şurasının iclası keçirilib. BDU rektoru Şura üzvlərinə universitetdə son zamanlar həyata keçirilən yeniliklər və sessiyanın gedişi ilə bağlı məlumat verib.

 

Rektor qeyd edib ki, ötən müddət ərzində BDU-nun 2 saylı tədris korpusu əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. Binada tədris prosesinin daha da optimallaşdırılması üçün zəruri şərait yaradılıb, istilik, işıqlandırma, yanğın təhlükəsizliyi sistemi yenidən qurulub, bütün otaqlar mebel və kondisionerlərlə təchiz olunub. Binanın çardağının altı da tam təmir olunub və yaxın zamanlarda tələbələrin təlim keçmələri, asudə vaxtlarının təşkili üçün zonaya çevriləcək. Binanın həyətində də abadlıq işləri aparılıb, şəhidlərin xatirəsinə ucaldılmış abidə yenidən qurulub. Əsaslı yenidənqurma işləri BDU-nun digər korpuslarında da davam etdiriləcək.

 

Rektor E.Babayev yanvarın 23-də 5360 nəfər tələbənin imtahan verdiyini xatırladıb. Qeyd edib ki, BDU-da qış imtahan sessiyası yanvarın 7-dən başlayıb. Mərkəzləşmiş qaydada keçirilən imtahanlara şəffaf nəzarət mexanizmi qurulub, sui-istifadə hallarının qarşısı dərhal alınır. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

 

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda prosesi müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.