Türkiyənin Hacəttəpə Universitetinin rektoru  Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

NDU-nun rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edilib ki, NDU qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlığa malikdir. NDU-da təhsil alan 2 min nəfərə yaxın əcnəbi tələbənin əksəriyyəti Türkiyədəndir. “Hazırda Naxçıvanın səhiyyə sistemində çalışan həkim heyətinin böyük əksəriyyəti tibb fakültəmizin məzunlarıdır. Peşəkar tibbi kadrların hazırlanmasında Türkiyə Cümhuriyyəti universitetlərinin çox böyük dəstəyi olub. Belə ki, hər il yüzlərlə tələbəmiz Türkiyənin Ankara, Qazi, İstanbul Yeditəpə, Koceli, Ərzurum  Atatürk və.s universitetlərinin  xəstəxanalarında rotasiya və stajkeçmədə iştirak ediblər. Məzunlarımızdan bir qismi Avropa və Türkiyənin müxtəlif xəstəxanalarında hazırda həkim kimi fəaliyyət göstərirlər”-deyə rektor vurğulayıb. Qeyd edib ki, ötən tədris ilindən Türkiyənin qabaqcıl universitetlərinin professorları NDU-ya dəvət edilib və uzunmüddətli tədris prosesinə cəlb olunublar.

 

Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran Naxçıvan Dövlət Universiteti  ilə əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin ən nüfuzlu universitetlərindən biri olduğunu, burada 3 min 700-dən çox akademik heyətin çalışdığını və 53 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb.

 

Sonra qarşılıqlı müzakirələr zamanı Naxçıvan Dövlət Universitetində tibbi kadr hazırlığına dəstək olacağını ifadə edən türkiyəli rektor növbəti semestrdən etibarən akademik və tələbə mobilliyi proqramlarında, tədris materiallarının təmin olunmasında Hacəttəpə Universitetinin hər cür köməkliyə hazır olduğunu deyib. Xüsusilə növbəti tədris ilindən etibarən Naxçıvanda fəaliyyətə başlayacaq “Tibb bacısı işi” ixtisası üzrə müəllim kadrların təmin olunması və NDU tələbələrinin Hacəttəpə kitabxanasından faydalanmaq imkanları barədə razılığa gəlinib.

 

Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində aparılan “Tibb” ixtisasında Hacəttəpə akademik heyətinin və xəstəxananın təcrübəsindən istifadə barədə imkanlar müzakirə edilib.