... Bu gün gen dünyası dar olan anaların sayı nə mindir, nə on min. Yüz minlərlədir onlar. Hamısı da ölkələr arasında gedən haqlı-haqsız müharibələrin qurbanlarıdır. Onlar övlad böyüdüb boya-başa çatdırdılar ki, bəhrəsini görsünlər... Elə bil insan insana qənim kəsilibmiş bu dünyada. Kimin kiminlə nə vaxt ədavəti olub, onu həll etmək üçün sanki tarixin elə bu dönəmini seçib. Demək olar ki, hazırda dünya ərazisinin bir çox hissəsində insan insan qanı axıdır. Kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək müəmmaya çevrilir. Güclü dövlətlər haqqa-ədalətə meydan oxuyurlar. Tarixin bütün dönəmlərində qoluzorlular öz haqsız iddialarını yeridiblər.
Xalqımızın başına 20 Yanvar 1990-cı il tarixində gətirilən müsibət də belə baş verdi. Bu, elə bir tarix oldu ki, illər təzələndikcə millətimizə vurulan həmin yaralar da təzələnəcək. Sözün tam mənasında şəhid olan vətən övladlarına tarixboyu yas saxlanılacaq. Onları necə unutmaq olar?! Mövcudluğunun son dönəmlərini yaşamaqda olan imperiya quduzlarının qəsbkarlıq iddiaları sonuncu dəfə Azərbaycanda-Bakıda təsdiqləndi. Dünyanın heç bir ölkəsində əliyalın insanlara atəş açılmayıb, onlar əsir götürülüb, amma qətlə yetirilməyiblər. Ancaq bu dəhşətli məqamı Azərbaycan xalqına yaşadan imperiya quduzları, ondan iki il öncə isə 1988-ci ildə erməni adlı neofaşistlər oldular. 20 YANVAR TƏQVİMİ QANLI YANVAR KİMİ YAZILDI TALEYİMİZƏ. Ürəkləri vətənə, xalqa hədsiz məhəbbət hissilə coşan vətən övladları birliyimiz, müstəqilliyimiz yolunda bax, beləcə şəhid oldular, əbədiyyətə qovuşdular. Onlar ağır döyüş tanklarının, zirehli hərbi maşınların, əlisilahlı imperiya əsgərlərinin üstünə silahsız gedərək Azərbaycan xalqının müstəqillik salnaməsəni yazdılar.
...Qanlı 20 Yanvar şəhidləri. Ürəküzücü haldır ki, onların arasında dilsiz-ağızsız uşaqlar, məktəb şagirdləri də olub. Vera Bessantina öz yastığında, Larisa Məmmədova atası ilə birlikdə ictimai nəqliyyatda, İlqar Əliyev həyətlərində öz yaşıdları ilə oynayan zaman evlərə, yaşayış binalarına atılan güllələrin qurbanı oldular. Tarix nə vaxt verəcək bu soyqırıma qiyməti ?! Hər məzar daşının başında bir ana ağı deyir bu gün. Dillərindən qopan ürəküzücü nidalar adamı doğram-doğram edir:
...Dağlarda talam qaldı,
Biçmədim lalam qaldı.
Araya dava düşdü,
Orda bir balam qaldı...
Sifai SƏFƏROVA