Azərbaycan Tibb Universitetinin (ATU) məzunları dünyanın müxtəlif ölkələrində həkim kimi fəaliyyət göstərirlər.

 

Onlardan biri də ATU-nun rezidentura pilləsinin məzunu, hazırda Niderlandda işləyən Nərgiz Axundovadır. O, əvvəlcə Almaniyada çalışmağı planlaşdırsa da,  ailə qurması ilə əlaqədar Niderlanda köçüb. Dediyinə görə, bu cür inkişaf etmiş bir ölkədə təcrübə olmadan işə başlamaq çox çətin və əziyyətli bir yoldur və bu məsələdə ona təhsil aldığı universitet dayaq olub...

 

- Azərbaycan Tibb Universitetinin rəhbərliyi bu prosesdə mənə çox böyük dəstək göstərdi. Qısa zamanda bütün zəruri sənədlərim hazır oldu, sonradan onları tərcümə etdirib imtahanlardan keçdim. Zəruri prosedurları uğurla başa vurduqdan sonra həkim işləməyə başladım. Niderland mənim ilk iş ölkəm oldu. Çünki Azərbaycanda hələ işləməyə başlamamışdım. ATU-da bakalavr təhsilimi bitirəndən sonra, rezidenturaya qəbul oldum, buranı bitirən kimi isə xaricə köçdüm.

 

- Niderlandda hansı sahə üzrə işləyirsiniz, ixtisasınız nədir?

- Azərbaycanda məhkəmə tibbi ekspertizası üzrə, pataloqoanatom kimi təhsil almışam. Lakin Niderlanda köçdükdən sonra ixtisasımı dəyişməyə, həmin ölkədə daha geniş yayılmış və daha maraqlı olan ixtisası seçmək qərarını verdim. İmtahanlardan keçdikdən sonra hələlik ümumi terapevt kimi fəaliyyət göstərirəm. Lakin bir neçə il ərzində kifayət qədər təcrübə topladıqdan sonra Ailə həkimi olmaq üçün müraciət edəcəyəm. Bu sahə mənə daha maraqlı görünür. Bunun üçün yalnız müsahibədən keçəcəyəm. Yüksək nəticə göstərə bilsəm, artıq ailə həkimi kimi işləyib təhsil alacağam.

 

Niderland cəmiyyətinə inteqrasiya olmaq, burada həkim kimi işləmək çətin deyil  ki?

- Biz Amsterdamda yaşayırıq və bu şəhəri, ümumiyyətlə ölkənin özünü çox bəyənirəm. Buna baxmayaraq, Azərbaycanı ürəkdən sevən bir insan kimi Vətənim üçün darıxıram, hər zaman Bakıya sevinc içində gəlirəm. Hər bir ölkədə olduğu kimi, Niderlandda yaşayışın özünün müsbət və mənfi tərəfləri var. İşə gəlincə, Niderland təcrübə əldə etmək üçün böyük imkanlara malikdir.

 

- Avropada təhsilini davam etdirmək istəyən gənclərə nə məsləhət verə bilərsiniz?

- Burada təhsildə daha çox praktikaya diqqət yönəldilir ki, bu da gələcəkdə işə başlayanda çox kömək olur. Əlbəttə, praktikanın çox olması səhvlərdən xilas etmir. Bununla belə, gələcəyin həkimləri üçün təcrübənin çox olması onların daha tez müstəqil işə başlamasına köməkdir. Hətta təcili tibb xidmət üzrə də işləyib təcrübə qazanırlar.

 

Ümumiyyətlə, qeyd edim ki, ATU-nun bir neçə ixtisası beynəlxalq akkredisayadan keçib. Bununla yanaşı, Avropa İttifaqına üzv olmayan digər ölkələr kimi bizim məzunlar da burada iş üçün zəruri imtahanlardan keçməlidirlər.

 

- Gələcək planlar...

- Gələcəkdə müəyyən qədər bilik və təcrübə topladıqdan sonra Azərbaycana dönüb xaricdə qazandığım praktikanı Vətənimdə tətbiq etmək, tibb dünyasında tətbiq olunan yeni innovativ metodları Azərbaycanda da tanıtmaq haqqında düşünürəm.