Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər.
“Məktəblilərin İntellekt Liqası” layihəsi çərçivəsində keçirilən oyunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı, 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova və məktəblilər iştirak ediblər.
Paytaxt məktəbləri üzrə 25 komandanın iştirak etdiyi yarışın final turunda “Azərbaycançılıq” və “Qarabağ” mövzularını, həmçinin ümumi dünyagörüşü əhatə edən 30 sual səsləndirilib.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələrinə əsasən, 166 nömrəli tam orta məktəbin “Böyük Azərbaycan” komandası I, 22 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası II, 322 nömrəli tam orta məktəbin “Qarabağ” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara kubok, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu Elm və Təhsil Nazirliyi ilə Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və “3sual.az” platformasının dəstəyi ilə təşkil olunub.
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 3 mərhələdən ibarət oyunda, ümumilikdə 146 komanda iştirak edib. Seçim turlarında ən yaxşı nəticə göstərən 25 komanda isə finala vəsiqə qazanıb.