Azad Mirzəcanzadənin yubileyi elmi-praktik konfransla qeyd olunub


Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsində görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi-praktik  konfrans keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 6 iyul 2018-ci il tarixli sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Görkəmli alimin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifi olduğu vurğulanıb.

 

"Vətənpərvər və novator alim”  mövzusunda məruzə edən “Ümumi riyaziyyat” kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məhəmməd Hacıyev bildirib ki, alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb. Vurğulanıb ki, Azad Mirzəcanzadənin rəhbərliyi altında 300-dən çox elmlər namizədi, 120 elmlər doktoru hazırlanıb və bu gün onun yetirmələri Azərbaycanla yanaşı Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər  ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.

 

“Əfsanəvi akademik-Azad Mirzəcanzadə” mövzusunda çıxışında “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Bətulə Əlizadə bildirib ki, son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə pedaqoji fəaliyyətlə də məşğul olub, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib.

        

 Kafedra müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev akademik haqda xatirələrini bölüşüb.

         

Sonda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.