Paytaxtın 229 və 336 nömrəli tam orta məktəblərində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbirlər keçirilib.

 

229 nömrəli tam orta məktəb və 59 nömrəli körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində öncə məktəbin həyətindəki Milli Qəhrəman Yuri Kovalyovun büstü və torpaqların azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhid məzunların xatirə kompleksi ziyarət edilib.

 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət himni səsləndirilib.

 

Məktəbin hərbi müəllimi, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov “Dəm qazından zəhərlənmə”, “Suda boğulma” və “Yanğın təhlükəsi zamanı” mövzuları ilə çıxış edib.

 

Məktəbin şagirdləri mövzuya aid şeirlər səsləndirib, səhnəciklər, həmçinin 59 nömrəli körpələr evi-uşaq bağçasının uşaqları yanğından mühafizə ilə bağlı maraqlı kompozisiyalar nümayiş etdiriblər.

 

İnfeksionist, pediatr Şəfa Namazova çıxış edərək qızılca xəstəliyi, onun əlamətləri, fəsadları barədə maarifləndirici söhbət aparıb.

 

Sonda şagirdlər arasında müsabiqə keçirilib, qaliblər və tədbir iştirakçıları mükafatlandırılıb.

 

336 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və digər qonaqlar çıxış ediblər.

 

Çıxışlarda fövqəladə hallar zamanı davranış, suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verilib. Son dövrlər fövqəladə hallar zamanı ölüm sayının artması və bunun qarşısının alınması üçün şagirdlərin maarifləndirilməsinin vacibliyi vurğulanıb. 336 nömrəli tam orta məktəbdə şagirdlər fövqəladə hallarla bağlı səhnəciklərlə çıxış ediblər.

 

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən bəhs edən sənədli film və videoçarxlar nümayiş olunub.