ekabrın 26-da Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumunun açılış mərasimi keçirilib.
Forumda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva, ali təhsil müəssisələrinin rektorları, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova forumun əvənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili işində önəmini vurğulayıb.
Forumda çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlığın artırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra çıxış edən XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev və DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva təhsil qrantı proqramlarının icrasının Azərbaycanın beynəlxalq təhsil imkanlarının tanıdılması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif ölkələrdən olan tələbələr üçün təhsilin əlçatanlığına dair töhfələrindən danışıblar.
Əcnəbi tələbələrin təhsilinə dair yekun hesabatla çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə ölkəmizdə təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatlar paylaşıblar.
Forum işini panel müzakirələri ilə davam etdirib.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023–2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.