Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasını fəal müəllimlərindən olan Kəmalə Bayramovanın təşəbbüsü və təşkilatçılığı, filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası tələbələrinin iştirakı ilə “Ədəbiyyat klubu”nun açılışı keçirilib.
Açılış nitqi ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev təşəbbüsü və tədbirin təşkilini yüksək qiymətləndirib. Direktor, həmçinin, tədbirdə qonaq qismində iştirak edən filialın məzunlarını, Quba şəhər 1 saylı məktəbin direktor müavini Rəhimə Bayramovanı, II Nügədi kənd 2 saylı məktəbin direktoru Nuridə Ələkbərovanı, Səbətlər kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nailə İsmiyevanı salamlayıb, onların uğurlarına bir rəhbər kimi sevindiyini bildirib, filialda son illərdə əldə edilən nailiyyətləri diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində klassik poeziya, qədim və orta dövr ədəbiyyatımızın ən görkəmli nümayəndələri olan N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və Ş.İ.Xətainin obrazları canlandırılıb, nəsihətləri səsləndirilib. Tələbələrin təqdimatında musiqi nömrələri, müasir dövr Azərbaycan ədəbiyyatı nümunələri ifa edilib.