Dekabrın 23-də “Heydər Əliyev İli” çərçivəsində ADA Universitetində “Heydər Əliyevin uğurlu xarici siyasəti və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, həmçinin bir sıra ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanışlıq olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndərə, gənclərə həsr olunmuş, həmçinin “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə ali təhsil müəssisələrində keçirilən mühazirə və turlara dair videoçarxlar nümayiş etdirilib.
Konfransın moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Heydər Əliyev İli” çərçivəsində universitet tərəfindən təşkil olunan beynəlxalq konfrans, forum və seminarlar barədə məlumat verib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müasir Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmləndirilməsinin bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Hikmət Hacıyev ölkə başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin ulu öndərin siyasi kursu əsasında hərtərəfli inkişaf edərək qüdrətli və qalib ölkəyə çevrildiyini vurğulayıb. Prezidentin köməkçisi xalqımızın milli maraqları, beynəlxalq hüquq normaları, praqmatik, realist prinsiplərə əsaslanan xarici siyasət xəttinin ölkəmizin əməkdaşlıq əlaqələrinin qurulması və regionun lider dövlətinə çevrilməsindəki rolunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ulu öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyası və onun əsas istiqamətlərindən biri olan insan kapitalının gücləndirilməsi, eləcə də yüksəkixtisaslı kadr potensialının formalaşdırılması sahəsində görülən əsaslı işlərdən danışıb. Nazir ölkəmizdə elm və təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tədris sisteminin tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan innovativ infrastrukturun yaradılması istiqamətlərində genişmiqyaslı islahat və dövlət proqramlarının həyata keçirildiyini vurğulayıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında ulu öndərin müdriklik, uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirdiyi yeni enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafının əsaslarını qoyduğunu söyləyib. Rövşən Nəcəf həmçinin bu strategiyanın uğurlu icrasının beynəlxalq enerji şirkətlərinin Azərbaycanın neft, qaz yataqlarının işlənilməsinə cəlbi, xam neft və qazın daşınma yollarının şaxələndirilməsi, gəlirlərin səmərəli idarə olunması, rəqabətli insan kapitalının gücləndirilməsi və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdiyini qeyd edib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər, o cümlədən universitetlərdə mühazirələr, məktəblilərin SOCAR-ın müəssisələrinə turları, şəhid və qazi övladları üçün düşərgələr təşkil olunub, həmçinin müxtəlif elmi-praktiki seminarlar, bilik və idman yarışları keçirilib.