Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) adlı Erasmus+ layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin müəllim və şagirdləri ilə görüşlər keçirilib.
2023-cü ilin oktyabr ayından başlayan görüşlər Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey, Texniki Humanitar Lisey, 7 və 16 nömrəli tam orta məktəblərdə təşkil edilib.
Görüşlərdə layihənin məqsədi, gənclər üçün faydası və təqdim edilən imkanlar haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə gənclər arasında sahibkarlıq düşüncəsinin formalaşmasına və onlara biznes üzrə müasir biliklərin ötürülməsinə xidmət edir. Həmçinin, layihə çərçivəsində biznes ideyaları olan gənclər üçün dəstəkləyici təlimlərin, onlayn dərslərin, Avropada yay məktəblərinin, yerli və xarici sahibkarlarla görüşlərin təşkil ediləcəyi vurğulanaraq, fəaliyyət planından bəhs edilib və şagirdlərə yaradılan imkanlardan fəal surətdə faydalanmaları tövsiyə edilib.
Sonra layihə ilə bağlı görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Foggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer alıb. VEHUB4YOU layihə konsorsiumunun üzvləri Ukrayna və Azərbaycanda məktəblər, universitetlər və kənd kitabxanalarında 60 virtual beynəlxalq biznes hablarının daxil olduğu Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsinin təşkilinə və orta məktəb şagirdləri, kollec və universitet tələbələri üçün biznes fəaliyyətinin öyrədilməsinə birgə səy göstərəcəklər. Avropa universitetləri Ukrayna və Azərbaycandakı universitetlərin və gənclər təşkilatlarının köməyi ilə öz biznes kurslarını və müəllimlərin təcrübələrini Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri ilə bölüşəcəklər. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər fondu hazırlayacaqlar. Bundan əlavə, yerli tələblər nəzərə alınmaqla hab rəhbərləri və fasilitatorlar üçün təlim proqramı dərc olunacaq. VEHUB4YOU layihəsinin müasir Avropa təhsilinə çıxışı təmin etməklə biznes təhsilinin keyfiyyətini artıracağı və biznes bacarıqlarını inkişaf etdirəcəyi gözlənilir. Eləcə də, məktəb, kollec və universitetlərin təhsil proqramlarının virtual öyrənmənin yeni tendensiyalarına uyğun modernləşdirilməsi və virtual təhsilin effektivliyinin artırılması nəzərdə tutulur.