Elm və Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuș “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı III beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov qonaqları universitet rəhbərliyi adından salamlayıb. Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə təsadüf edən konfransın Azərbaycan dövlətinin suverenliyinin tam bərpasının reallaşdığı bir vaxtda keçirildiyini önə çəkən prorektor bu tarixi gerçəkliyin tədbirin mövzusunun, müzakirə olunacaq məsələlərin əhəmiyyətini bir qədər də artırdığını vurğulayıb. Prorektor çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən prosesləri xatırladıb və Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə əsaslı dönüşün yarandığını, ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm iqtisadi zəminə əsaslanan uğurlu iqtisadi siyasətin həyata keçirildiyini deyən prorektor vurğulayıb ki, hazırda Böyük Qayıdış konsepsiyasının ilk mərhələsinin gerçəkləşməsi mühüm hadisədir. Bildirib ki, bu dövrdə elm adamlarının qarşısında duran əsas məsələ yeni çağırışlara uyğun elmi tədqiqatlar aparmaq, müzakirələr təşkil etmək və ölkənin inkişafına öz bilik və bacarıqları ilə elmi yöndən dəstək verməkdən ibarətdir. Keçirilən tədbirin məhz bu amala xidmət etdiyini söyləyən prorektor konfransa ABŞ, İtaliya, Portuqaliya, Rumıniya, Ukrayna, Cənubi Koreya, Türkiyə və Azərbaycandan ümumilikdə 130-a yaxın məqalənin göndərildiyini nəzərə çatdırıb. Onlardan 93-ü elmi heyət tərəfindən qəbul olunub və konfransın proqramına daxil edilib. Konfransda Azərbaycanın 18 fərqli ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən məruzələr təqdim ediləcəyini söyləyən prorektor bunu konfransa böyük marağın göstəricisi kimi qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov çıxış edərək konfransın aktual mövzuya həsr olunduğunu deyib və bu gün bəşəriyyəti düşündürən müxtəlif risklərdən danışıb. Şöbə müdiri qlobal müstəvidə baş vermiş risklərin Azərbaycan iqtisadiyyatına neqativ təsirlərinin neytrallaşdırılması, tənzimlənməsi ilə bağlı görülən uğurlu tədbirlərə, doqquz aylıq nəticələrə əsasən müsbət iqtisadi artım tempinin qorunub saxlanmasına diqqət çəkib.
Çıxışında dayanıqlı inkişafın təmin olunması üçün qarşıda duran vəzifələri nəzərə çatdıran H.Hüseynov iqtisadi, sosial və ətraf mühit məsələlərinə vahid baxışın formalaşdırılmasının və onların bir-biri ilə sinxron şəkildə irəliləməsinin vacibliyini bildirib. O, konfransda buna dair məsələlərin geniş müzakirə olunacağına, dayanıqlı inkişafın həm iqtisadi, həm sosial, həm də ekoloji aspektlərinin diqqətdə saxlanılacağına, eyni zamanda karbon vergisi və karbon vahidlərinin ölkə iqtisadiyyatlarına təsiri ilə bağlı aktual məsələlərə dair elmi ictimaiyyət tərəfindən təkliflər səslənəcəyinə ümid etdiyini deyib.
Sonra plenar iclasda BMU-nun dosenti Elçin Süleymanovun “Azərbaycanda dünya səviyyəli universitet quruculuğunun ali təhsildə rəqabətqabiliyyətliliyə təsiri”, Taras Şevçenko adına Kiyev Milli Universitetinin tədqiqatçısı Olqa Matiuşynanın “İqlim dəyişikliyí ilə mübarizə üzrə dövlətlərin əməkdaşlığının hüquqi tənzimlənməsi”, UNEC-in Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyevin “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələrinə institutsional baxış: Nəyi necə etməli?” mövzularında məruzələri dinlənilib.
Ardınca plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim olunub.