Məhəmməd Allahverdiyev: “Qarabağa həsr etdiyim albomda “Qarabağ şikəstəsi” yeni üslubda yer alacaq”
Dünya klassiklərinin həyat və fəaliyyətlərinə nəzər yetirəndə bir təkzibolunmaz həqiqətin şahidi olursan ki, dini mənsubiyyətindən, dərisinin rəngindən və başqa milli əlamətlərindən və mənsubiyyətlərindən asılı olmayaraq hər bir parlaq şəxsiyyətdə fitri istedad erkən yaşlarından, bəzilərində isə lap uşaqlıq dövründən baş qaldırıb. Bu gün haqqında qürur hissi ilə söhbət açacağım Məhəmməd Allahverdiyev haqqında da nə vaxtsa eyni fikir yaddaşlardan süzüləcək və söz sahibi olan musiqişünaslar yazacaqlar ki, fövqəl istedad sahibi olan bu gənc də erkən yaşlarından musiqi sənətində özünü təsdiqləyib.Açığını deyim ki, bu qəbildən olan istedad sahibləri nadir hallarda mənsub olduğu xalqa qismət olur.
Vokal dərsləri alır
...Onun 15 yaşı var.Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdidir. Bəstəkarlıq üzrə Pikə Axundovanın sinfində təhsil alır.Özünün söylədiyi kimi xüsusi marağına uyğun olaraq caz və muğam janrı ilə də məşğul olur, vokal dərsləri də alır. Beynəlxalq musabiqə və festivallarda, dövlət tədbirlərində, konsertlərdə dəfələrlə öz çıxışları ilə hamını heyran qoyub.
Dostluq musiqi layihələrini həyata keçirib
Söhbət zamanı Məhəmməd dedi ki, pandemiya dövründə fəaliyyətini tam dondurmamaq naminə internet üzərindən Azərbaycan xalq və bəstəkar mahnılarının təbliği istiqamətində “FRİENDSHİP PROJECT”i layihəsini həyata keçirib. Hazırda bu sahədə dünyanın musiqi mədəniyyətində öncül ölkələrlə dostluq musiqi layihələri çərçivəsində fəaliyyətini davam etdirir. Deyir ki, ailəmin dəstəyi ilə Danimarka, İspaniya, Türkiyə, Pakistan, İran, İsrail, Peru, Braziliya və başqa ölkələrin sənətçiləri ilə Azərbaycan musiqisinin maraqlı sintezini aranjıman edərək video formatda təqdimatlar etmişəm. Yaxın gələcəkdə argentinalı musiqiçi Tomas Fiszman və makedoniyalı musiqçi Aleks Petkovski ilə Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını da yeni formatda təqdim edəcəyik .
Layihələrimdən ibarət albom da yayımlanıb
İstedadlı gənclə söhbətimiz o qədər maraqlı keçirdi ki. sanki ruhum göylərə qanadlanırdı. Bunu Məhəmməd özü də ona xüsusi maraqla diqqət kəsilməyimdən hiss edirdi. Həmsöhbətim fikrini davam etdirdikcə hələ sənətdə demək olar ki. ilkin addımlarını atan bir yeniyetmənin uğurlarına heyran qalmaya bilmirdim. O, deyir:- Düşünürəm ki, bu layihələrim həm musiqimizin təbliğinə, həm də xarici ölkələrlə mədəni dostluq əlaqələrimizin genişlənməsinə müəyyən qədər xidmət göstərir. Artıq bir neçə layihəmdən ibarət albom rəqəmsal platformada yayımlanıb.
”Zəfər marşı”
...44 günlük Vətən Müharibəsindəki qələbəmizə həsr etdiyim “Zəfər marşı” Heydər Əliyev adına Hərbi İnstitutun Orkestri və AMK-nın tələbə xoru, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird xoru , eləcə də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Orkestri və bir çox başqa məktəblərin şagirdləri tərəfindən ifa edilib. Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin çıxartdığı CD albomunda da mahnım yer alıb. Bəstəm həmçinin Milli Qəhrəman Cingiz Mustafayev adına hərbi vətənpərvərlik müsabiqəsində 70 mahnı arasında seçilən 4 əsərdən biri olub.
“Mən azərbaycanlıyam”
Ulu öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr etdiyim Zəlimxan Yaqubun sözlərinə yazdığım “Mən azərbaycanlıyam” mahnısını təqdim etdim . Mahnı mənim və “Şuşam” xoru (bədii rəhbər əməkdar müəllim Təranə Yusifova ) Bakı Musiqi Akademiyasının tələbə orkestri tərəfindən ifa olunub.Mahnının bəstəsi , aranjımanı, piano,vokal partiyası özümə məxsusdur.
Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan milli rəqsi “Tərəkəmə” ni də caz üslubunda hazırlayıb təqdim etmişəm.
Fortepianoda muğamlarımızı ifa edən ilk yeniyetməyəm
Milli muğamlarımızı isə klassik üslubda dəstgah şəklində fortepianoda təqdim etmişəm və fortepianoda mugamlari ifa edən ilk yeniyetmə ifaçı olmuşam. Hazırda mugam albomu üzərində çalışıram. Artıq “Şur”, “Bayatı-şiraz”, “Zabul” “Humayun” muğamlarım da təqdimata hazırdır. Milli musiqi üzrə ustadım AMK-nın baş müəllimi Mahmud Əliyevdir. “Qarabağ şikəstəsi” muğamını da ilk yeniyetmə olaraq folk caz üslubda 13 yaşımda UNESCO –nun təşkilatçılığı ilə Muğam Mərkəzində keçirilən Beynəlxalq caz gününə həsr olunan tədbirdə ifa etmişəm. Hələ 11 yaşımda olarkən bəstələdiyim “Payız” əsəri yerli serialların birində soundtrack kimi səsləndirilib. Hazırda Qarabag albomu uzərində işləyirəm. Bəstələrimdən ibarət kitab, fortepiano pyeslərimi müəllimim Pikə xanim Axundova ilə birgə hazırlayıram.
Qarabağa həsr etdiyi albom
Qarabağa həsr etdiyim albomda öz bəstələrim və “Qarabağ şikəstəsi” yeni üslubda yer alacaq. Sənət yolunda mənə dəstək olan insanlara başda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti , professor Siyavuş Kərimiyə diqqət və qayğısına görə təşəkkürümü ifadə edirəm. Eləcə də təhsil ocağının direktoru Aytən xanım Əhmədovaya, caz ustadım xalq artisti Salman Qəmbərova və müəllimlərimə olduqca minnətdaram.
Caz musiqisində 8 yaşımda ilk ustadım Musiqi Akademiyasının müəllimi Rövşən Rzayev olub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının Caz nominasiyası üzrə 14-17 yaş arasında “peşəkar” kateqoriya üzrə I yerə layiq görülmüşəm .
2022-2023- cü illərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax və Qax rayonlarında keçirilən Caz Camp-da iştirak etmişəm və fəal gənc kimi diplomlarla təltif olunmuşam. Kapitanı olduğum komandamla birlikdə idman və musiqi yarışının da qalibi olmuşam.
I Beynəlxalq caz festivalı
2019-cu ildə Bakı Musiqi Akademiyası tərəfindən keçirilən I Beynəlxalq Caz Festivalın caz üzrə qalibi adını qazanaraq I yer tutdum. Baku caz festivalı tərəfində keçirilən “I am jazzman” beynəlxalq caz musabiqəsində isə yaş məhdudiyyəti 14-35 yaş arası olmasına baxmayaraq 11 yaşımda xüsusi priz, 13 yaşımda isə II yerin sahibi oldum.
Hələ 15 yaşında ikən qeyri-adi istedad sahibi olan Məhəmmədin qazandığı uğurları sadalamaqla qurtaran deyil. Xüsusi heyranlıqla dinlədiyim bu nailiyyətlər əminlik yaradır ki, həmsöhbətim sözün tam mənasında fövqəl bir istedad sahibidir və onun gələcəkdə imza atacağı uğurlara öncədən sevinməyə haqqımız da çatar. Bu əminlik onun zəngin tərcümeyi-halında işıq kimi bərq vurur.
Sifai SƏFƏROVA