Nuray Həsənli 2016-cı ildə Bakıda anadan olub. Bakıdakı Məktəb Lisey Kompleksinin 2-ci sinf şagirdidir. 5 yaşından bədii gimnastika ilə məşğuldur. “Prosport” idman klubunun gimnastıdır. Nuray bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışda alətsiz çıxışına görə 2016-cı il təvəllüdlü gimnastlar arasında bütün rəqiblərini üstələyərək birinciliyə layiq görülüb. O, bu yarışda topla çıxışına görə isə bürünc medal qazanıb. Ümumilikdə həmin yarışda “Pro Sport” idman klubundan 18 gimnast iştirak edib, onlar Vətənə 14 qızıl, 5 gümüş və 9 bürünc medalla qayıdıblar. “Pro Sport” İdman klubunun məşqçiləri Samirə Səlimzadə, Leyla Hüseynli və Fərid Kazakovdur.
Məşqçilərin sözlərinə görə Nuray çox istedadlı, çalışqan və məqsədinə nail olan qızdır. Bu sahədə gələcəkdə böyük uğurlar qazana bilər. Nuray dəfələrlə ölkəmizdə keçirilmiş müxtəlif yarışlarda uğurla çıxış etsə də, Dubayda keçirilən yarışın həyəcanın tamam başqa olduğunu söyləyir. Bu Nurayın ilk beynəlxalq yarışı idi və bu yarışda əldə etdiyi qələbə onu daha da həvəsləndirir. Nuray gələcəkdə ölkəmizi nüfuzlu idman yarışlarında təmsil edərək adını dünyanın ən güclü gimnastları sırasına yazdırmaq niyyətindədir.
Nuray Həsənlinin bu uğuru tədris müəssisəsində də sevinclə qarşılanıb. Məktəb Lisey Kompleksinin direktoru Esmira Quliyeva, sinif rəhbəri Tünzalə Məhərrəmova və metodist müəllim Aygün Məmmədova yetirmələrinin bu qələbəsi ilə fəxr etdiklərini bildirdilər. Nuray həm dərslərində yüksək qiymət almasına, həm də idmanla məşğul olaraq uğur əldə etdiyinə görə məktəbin fəal şagirdləri arasında yer almaqdadır.
Rəşad ZİYADOV