Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində təsviri incəsənət kafedrasının “Dizayn” ixtisasının II kurs tələbəsi Gülnar İsmayılovanın fərdi sərgisi nümayiş olunub.

 

Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbələrin iştiraki ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, dizayn sahəsi müasir dövrün tələbidir. Rektor tələbələrin bu sahəyə maraqlı olmalarını sevindirici hal kimi qiymətləndirib. Belə sərgilərin keçirilməsinin universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor gənc istedada uğurlar arzulayıb.

 

Sərgidə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, incəsənət fakültəsinin dekanı, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov, təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyevin çıxışları dinlənilib. Qeyd olunub ki, bu cür sərgilərin keçirilməsi tələbələrin gələcək fəaliyyətlərində xüsusi önəm kəsb edir.

 

Sonra iştirakçıların böyük marağına səbəb olan sərgiyə baxış keçirilib.

 

Qeyd edək ki, sərgidə 39 interyer, 11 rəngkarlıq olmaqla, ümumilikdə 50 əl işi və layihə nümayiş olunub.